Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı açıqlama verib. Sentyabrın 11-də AZƏRTAC-a danışan Əli Həsənov bildirib ki, Mehman Əliyevə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib: “Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlətimizin başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Hələ 2009-cu ildə prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirib və iradəsini nümayiş etdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmayıblar”.
Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərti ilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır: “Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev “Turan” informasiya agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.
Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür”.
Novator.az xatırladır ki, Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq iddia edir ki, Mehman Əliyev dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148 min manatdan çox qanunsuz gəlir əldə edib, 60 min manatdan çox mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Yasamal Rayon Məhkəməsi avqustun 25-də Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
59 yaşlı Mehman Əliyev “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.