Sentyabrın 11-də prezident İlham Əliyev bloqçu Aleksandr Lapşini əfv edib. Sərəncam dərhal qüvvəyə minib.
Aleksandr Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il hökmü ilə azadlıqdan məhrum olunmuşdu.
Novator.az bildirir ki, Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir, Rusiya və İsrail vətəndaşıdır.
Ötən il dekabrında Belarusda saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə fevralın 7-də Azərbaycana göndərilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edib. İttihama əsasən, Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi təbliğ edən çağırışlar yayıb.
Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir.
2017-ci il iyulun 20-də Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.