Sentyabrın 8-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bəyan edib ki, Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan yol və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin böyük hissəsi icra edilib: “Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub və may ayından tikinti-quraşdırma işlərinə başlanıb. Qısa müddət ərzində Böyükşor gölü, Taşağıl gölü, Ramana Südçülük Sovxozu, Binəqədi şosesi, Əliyar Əliyev, Yusif Səfərov küçələrində layihələrin icrası yekunlaşıb, digər ərazilərdə tikinti-quraşdırma işləri davam etdirilir. Layihələndirilmiş 17,5 kilometr kanalizasiya kollektorlarının 13,5 kilometrlik hissəsi inşa edilib.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,9 kilometr uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Nərimanov rayonu Əliyar Əliyev və Xətai rayonu Yusif Səfərov küçələrində səth sularının kənarlaşdırılması üçün kollektorların tikintisi başa çatdırılıb.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 1000-1200 millimetr diametrli borularla 2,4 kilometr layihələndirilən kollektorun 1,5 kilometrlik hissəsi tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Taşağıl və Böyükşor göllərinin su səviyyəsinin stabil saxlanması məqsədilə 1 ədəd nasos stansiyası tikilib. Hazırda ikinci nasos stansiyasının və 1 kilometr uzunluğunda xəttin inşası davam etdirilir.
Ziya Bünyadov prospekti boyu 1200 millimetr diametrli borularla 1,3 kilometr uzunluğunda kollektorun 400 metrlik hissəsi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində 1000 millimetr diametrli borularla 1,9 kilometr kollektorun 1,5 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.
Xətai rayonu Kazımağa Kərimov küçəsində 1,2 kilometr uzunluğunda kollektorun 1 kilometrlik hissəsi tikilib.
Yasamal rayonu Əhməd Cəmil küçəsində 577 metrlik kollektorun 300 metrlik hissəsi inşa edilib.
Sabunçu rayonunun Sabunçu vağzalı ətrafı ərazilərdə yağış sularının kənarlaşdlırılması məqsədilə 1,9 kilometr layihələndirilmiş kollektorun 500 metrlik hissəsi inşa olunub. Şuşa şəhərciyi ətraflı ərazilərdə yağış sularının kənarlaşdırılması məqsədilə 1,8 kilometr kollektorun tikintisi başa çatdırılıb, hazırda nasos stansiyasının inşası davam etdirilir.
Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq”.
Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.