“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüşünə məhdudiyyət qoyulub. Bunu Mehman Əliyevin vəkili Fariz Namazlı bəyan edib.
Sentyabrın 7-də Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşən vəkil “Azadlıq” radiosuna deyib ki, məhdudiyyət Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il qərarı əsasında tətbiq olunub.
Fariz Namazlı Mehman Əliyevin telefon danışığı və görüş hüquqlarının məhdudlaşdırılmasını qanunsuz və əsassız sayır: “Mehman Əliyev vergi cinayətində ittiham olunur. Onun telefon zəngləri və görüş hüququnun məhdudlaşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Başa düşmək olmur ki, niyə məhdudlaşdırıblar. Mehman Əliyev qatı cinayətkar, mütəşəkkil dəstənin üzvü deyil ki, bu cür məhdudlaşdırma ilə onun digər qrup üzvləri ilə əlaqəyə girməsinin qarşısı alınsın. Bu baxımdan qərar tam əsassız və qanunsuzdur”.
Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq iddia edir ki, Mehman Əliyev dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148 min manatdan çox qanunsuz gəlir əldə edib, 60 min manatdan çox mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Yasamal Rayon Məhkəməsi avqustun 25-də Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.