Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
- 08 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib.
Şikayət ərizəsini xidmətin rəisi məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərini icra edən ədliyyə polkovniki Oqtay Məmmədov imzalayıb.
Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Nardaran hadisələrinə görə həbs olunmuş, hazırda Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqda məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.
Oqtay Məmmədov fikrini əsaslandırmaq üçün Milli Şuranın sədri Cəmil Həsənlinin, AXCP sədri Əli Kərimlinin “Azadlıq” qəzetinin, “Azadlıq” radiosunun saytlarında yayımlanmış açıqlamalarını, hüquq müdafiəçisi Oqtay Gülalıyevin məqalələrini də ərizəsinə əlavə edib.
Yalçın İmanov Azadliq.info-ya açıqlamasında Vəkillər Kollegiyasının İntizam Komissiyasına çağırıldığını və izahat yazdığını təsdiqləyib.
Vəkilin sözlərinə görə, onun haqqında verilmiş üç səhifəlik şikayətdə reallığa uyğun olmayan fikirlər əksini tapıb.
Yalçın İmanov bu yaxınlarda mediaya açıqlamasında bildirmişdi ki, Qobustan həbsxanasının rəisi və əməkdaşları məhbus Abbas Hüseynova ağır işgəncələr veriblər. Onun açıqlamasında həbsxana rəisi Aftandil Ağayevin öz otağında Abbas Hüseynovu əlləri qandallı vəziyyətdə döyməsi, təhqir etməsi, məhbusun dözülməz istidə açıq havada dəmir boruya bağlanıb döyülməsi, saatlarla dəmir dirəyə bağlanmış vəziyyətdə saxlanması, soxulcanlarla dolu cərimə kamerasına (karser) salınması, iki gün burada “çarmıxa çəkilmiş halda” saxlanması kimi məsələlərdən bəhs olunmuşdu.
Oqtay Məmmədov şikayətində yazıb: “Yalçın İmanov Taleh Bağırova, Abbas Hüseynova işgəncə verilməsi haqda əsassız məlumatlar yayaraq ölkədə dindarlara hakimiyyətin təzyiqlər göstərməsi təsəvvürü, həmçinin Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmağa çalışır. İmanovun bu hərəkəti Penitensiar Xidmətin minlərlə əməkdaşdan ibarət şəxsi heyətinin əməyinə kölgə salır, işgüzar mühitə, kollektivin ümumi əhval-ruhiyyəsinə çox mənfi təsir göstərir”.
Oqtay Məmmədovun iddiasına görə, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi adamları böhtan yaymağa təhrik edir, daha sonra özü reallığı əks etdirməyən fikirlər səsləndirməklə sabitliyi pozmağa, cəmiyyətin bəzi dairələrində gərginlik yaratmağa çalışır: “Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”.
Penitensiar Xidmət rəhbərliyi Yalçın İmanovu Taleh Bağırovla görüşməkdən yayınmaqda da ittiham edir. Şikayət ərizəsində bildirilir ki, Taleh Bağırovun qohumları ona işgəncə verilməsi və həyatının təhlükədə olması haqda məlumatlara aydınlıq gətirmək üçün avqustun 5-də Yalçın İmanova müraciət ediblər. İmanov isə deyib ki, müqavilə və orderi Penitensiar Xidmətə göndərsə də, hələ cavab ala bilməyib, ona görə də Taleh Bağırovla görüşə bilmir. Oqtay Məmmədov isə iddia edir ki, avqustun 8-nə qədər Yalçın İmanov onlara nə müraciət edib, nə də order-müqavilə təqdim edib. İddiaya görə, vəkil ayın 8-də müraciət edib, onda da görüş üçün dərhal icazə verilib.
Oqtay Məmmədov Taleh Bağırovun, Abbas Hüseynovun həyatından narahat olan yaxınlarının Qobustan həbsxanasının qarşısına toplaşmasına görə də Yalçın İmanovu ittiham edir: “İmanov görüşə icazə verilməməsi haqda həqiqətə uyğun olmayan məlumatlar verərək Taleh Bağırovla görüşməkdən yayınmaqla, onun ailə üzvləri və digərlərindən ibarət 60-a yaxın adamın 6 avqust 2017-ci ildə kütləvi şəkildə həbsxananın qarşısına toplaşmasına zəmin yaradıb”.
Şikayət ərizəsində göstərilir ki, Yalçın İmanov avqustun 8-də Taleh Bağırov və Abbas Hüseynovla görüşdən sonra onların işgəncələrə məruz qalması, Abbas Hüseynovun “çarmıxa çəkilməsi” kimi məlumatlar yayıb, nəticədə bu, avqustun 9-da Penitensiar Xidmətin binası qarşısında qanunsuz aksiya keçirilməsi cəhdinə səbəb olub. Ərizədə bildirilir ki, Yalçın İmanov hüquqşünas kimi fikrini daha çox hüquqi terminlərlə ifadə etməli olduğu halda açıqlamalarını müraciət etdiyi auditoriyaya hesablayır, antik dövrdən və orta əsrlərdən qalma, nəinki müasir dövrdə, hətta yaxın keçmişdə Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrində tətbiqi qeyri-mümkün olan absurd “çarmıxa çəkmə” ifadəsindən gen-bol istifadə edir: “Bu, onun məlum niyyətindən xəbər verir. Nəticədə avqustun 9-da məhkumların yaxınları Penitensiar Xidmətin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstəriblər”.
Oqtay Məmmədov şikayətinin sonunda Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunmasını istəyir: “Göründüyü kimi, vəkil Yalçın İmanov öz hərəkətləri ilə Vəkillər Kollegiyasının 8 dekabr 2012-ci il konfransında təsdiq olunan, vəkil statusuna malik bütün şəxslərə şamil edilən “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin əksər müddəalarının tələblərini kobud surətdə pozub. Belə ki, o, qanunun aliliyi, yüksək davranış qaydalarını rəhbər tutmaqla həmin əsasnamənin müddəalarına əməl etməyə borclu olduğu halda vəkillərin nüfuzuna və onlara etimada xələl gətirən hərəkətlərə yol verib, vicdanlı davranış prinsipini pozaraq şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirmək əvəzinə dövlətin və cəmiyyətin qanuni mənafelərinə zidd olan, müəyyən dairələrdə gərginlik yaratmağa və sabitliyi pozmağa yönəlmiş əsassız fikirlərini ictimailəşdirib. Yalçın İmanov davranışı və öz peşəkar fəaliyyəti ilə vəkilliyə fiziki və hüquqi şəxslərin inamını artırmaq və möhkəmləndirmək əvəzinə qərəzsizlik prinsipinə zidd olaraq dövlət orqanlarının nüfuzuna hörmətlə yanaşmamaqla yalan olduğunu bilə-bilə Penitensiar Xidməti nüfuzdan salan məlumatlar yayıb”.
Yalçın İmanov Azadliq.info-ya bildirib ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasına yazdığı izahatında şikayətdə deyilənlərin əsassız olduğunu göstərib. Vəkilin sözlərinə görə, şikayət məktubunda rəis əvəzi onu “fərdi qaydada fəaliyyət göstərən vəkil” kimi təqdim edir, halbuki o, Sumqayıt şəhərindəki hüquq məsləhətxanasının vəkilidir.
Vəkilin sözlərinə görə, Taleh Bağırovla görüşdən yayınıb, görüşə icazə verilməməsi haqda onun yaxınlarına yalan danışması, avqustun 8-nə qədər ümumiyyətlə görüş üçün müraciət etməməsi barədə deyilənlər də əsassızdır. Yalçın İmanovun sözlərinə görə, bunu sübuta yetirmək üçün Penitensiar Xidmətə müraciəti barədə sənədi Vəkillər Kollegiyasına təqdim edib: “İyulun 28-də Abbas Hüseynovla, 31-də isə Taleh Bağırovla həbsxanada görüşə icazə verilməsi üçün Penitensiar Xidmətə rəsmi qaydada müraciət etmişəm. Abbas Hüseynov Qobustan həbsxanasına iyulun 22-də, Taleh Bağırov isə iyulun 29-da köçürülüb. Oqtay Məmmədov özü Taleh Bağırovla görüş müraciətinə 6 avqust, Abbas Hüseynovla görüşə isə 7 avqust tarixli məktubla cavab verib. Əgər mən 8-nə qədər müraciət etməmişdimsə, bu necə ola bilərdi? Hər iki məktubda da mənim Penitensiar Xidmətə müraciət tarixim qeyd olunub”.
Məhkumların yaxınlarının avqustun 6-da Qobustan həbsxanasının, 9-da isə Penitensiar Xidmətin binası qarşısında toplaşmasına görə ittiham olunmasına gəlincə, Yalçın İmanov iddia edir ki, bu da əsassızdır: “Avqustun 6-da mən Sumqayıtda – evimdə olmuşam. Avqustun 7-də dəfələrlə Penitensiar Xidmətin müxtəlif şöbələrinə zəng eləyəndən sonra axşam saatlarında bildirdilər ki, görüşə icazə verilir. Ertəsi gün, avqustun 8-də həbsxanaya gedib hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşmüşəm. Avqustun 9-da da gün ərzində vəkillik fəaliyyəti ilə məşğul olmuşam. Adamların Penitensiar Xidmətin qarşısına getməsindən axşam saatlarında saytlara baxanda xəbər tutmuşam”.
Yalçın İmanov Abbas Hüseynova qarşı işgəncələri ictimailəşdirməsi ilə bağlı ittihamlara da münasibət bildirib. O qeyd edib ki, bu haqda Abbas Hüseynovun özünün yazılı izahatı var: “Məhkum izahatında ona işgəncə verən şəxslərin adlarını da göstərib. Həmin şəxslərin arasında həbsxana rəisi Aftandil Ağayevin, onun müavini Emin Cəfərovun və digər əməkdaşların adları çəkilir. İzahatında Abbas Hüseynov hansı formada işgəncəyə məruz qaldığını da göstərib. Mənə qarşı şikayətdə “çarmıxa çəkmə” ifadəsinə etiraz olunur. Amma Abbas Hüseynov özü bildirir ki, ona qarşı bu şəkildə davranıblar. Üstəlik, onun üzərində xəsarət izlərini də gözümlə görmüşəm. Həbsxanadan çıxandan sonra mənə müraciət edən jurnalistlərə Abbas Hüseynova istinadən ona verilən işgəncələr barədə açıqlamalar vermişəm. Ertəsi gün Abbas Hüseynovun ona işgəncə verilməsi haqda dedikləri ilə əlaqədar Baş Prokurorluğa, Ombudsman Aparatına, Penitensiar Xidmətə də müraciət etmişəm. Həmçinin Qaradağ Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişəm”.
Yalçın İmanovun sözlərinə görə, Abbas Hüseynov təkcə ona deyil, digər vəkili Fariz Namazlıya, məsələ ictimailəşəndən sonra məhbusla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinə də işgəncələrdən danışıb.
Vəkil eyni zamanda qeyd edir ki, o, Qobustan həbsxanasında Taleh Bağırova işgəncə verildiyini heç yerdə deməyib: “Bu barədə məktubda yazılanlar da həqiqətə uyğun deyil. Taleh Bağırov həbsxanada ona işgəncə verilmədiyini, 30 iyulda əsassız olaraq 7 gün cərimə təcridxanasına salındığını və həbsxananın İlkin Axundov adlı əməkdaşı tərəfindən təhqir edildiyini bildirmişdi. Mən də ona istinadən bunu demişəm”.
Yalçın İmanov “ölkədə sabitliyi pozmaq, gərginlik, bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaratmaq” cəhdləri haqda ünvanına səslənən ittihamları qeyri-ciddi sayır. Müdafiəçinin fikrincə, Penitensiar Xidmət məsələni hüquqi müstəvidən çıxarmağa çalışır: “Bu, məhkumun işgəncə iddialarını araşdırmaq əvəzinə ona siyasi rəng verməklə məsuliyyətdən yayınmaq niyyətinə xidmət edir. Müxalif siyasi liderlərin, hüquq müdafiəçisinin Abbas Hüseynova qarşı işgəncələr haqda müxtəlif saytlarda yayılmış fikirlərinin çap edilərək mənimlə bağlı şikayətə əlavə olunması da bunu sübut edir. Bu şikayət böhtandan başqa bir şey deyil, heç bir fakta söykənmir və məni cəzalandırmaq niyyəti güdür”.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 5 nəfərin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov və Abbas Hüseynovun hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qalan şəxslərdən bir nəfər 19 il, bir nəfər 17 il, on iki nəfər 14 il 6 ay, iki nəfər 10 il həbs cəzası alıb.