Kataloniya vilayətinin rəsmiləri İspaniyadan ayrılmaq referendumu yolunda daha bir addım atıb. Novator.az-ın məlumatına görə, muxtar vilayətin başçısı Karles Puçdemontun sentyabrın 6-da imzaladığı dekretlə referendum oktyabrın 1-nə təyin edilib. Hədəf Kataloniyanın müstəqil dövlət olmasıdır.
Vilayət parlamentində referendum haqqında qanun sentyabrın 6-da qəbul olunub. Səsverməyə 135 nəfərlik parlamentin 83 üzvü qatılıb. 72 nəfər layihəni dəstəkləyib, 11 nəfər bitərəf qalıb.
İspaniyanın baş naziri Mariano Rahoy qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Ərazisi 32,1 min kvadrat kilometrdir.
Muxtar vilayətdə 2014-cü il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.
2015-ci il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil dövlət yaradılması prosesinə qərar verib. İspaniyanın Konstitusiya Məhkəməsi qətnaməni ləğv edib.