Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ölkə mediasının kriminal mövzuları işıqlandırması problemlərinə toxunub.
Novator.az-ın suallarını cavablandıran dekan bildirib ki, kriminal mövzuya dünyanın hər yerində auditoriyanın xüsusi diqqəti var, bu səbəbdən Azərbaycanda kriminal xəbərlərin çox oxunması təəccüblü deyil: “Amma xəbər təqdimatının böyük hissəsinin məhz kriminal mövzudan təşkil edilməsi düzgün olmaz, auditoriyasına hörmət edən peşəkar media proporsiyanı gözləməlidir. Məsələn, zorakılığın, pornoqrafiya və əxlaqsızlığın təbliğinin yolverilməzliyi beynəlxalq jurnalistikada başlıca peşə etikası prinsiplərindəndir, bir sıra ölkələrin jurnalist təşkilatlarının etik normalarında öz əksini tapıb.
Belçikada qəbul olunmuş Jurnalist Fəaliyyətinin Prinsipləri Kodeksində qeyd edilir ki, cinayət, terror və başqa qəddar, qeyri-insani əməllərin yayımlanması məqbul sayılmır. Türkiyə Mətbuatının Professional Prinsiplər Kodeksi zorakılıq və qəddarlıq mövzularını işıqlandıran məlumatların dərcindən qaçmağı tövsiyə edir”.
Kriminal xəbərlərin təqdimat formasına gəldikdə, Vüqar Zifəroğlu vurğulayıb ki, beynəlxalq jurnalistikada əməl edilməsi vacib peşə standartları var: “İlk növbədə təqsirsizlik prezumpsiyası prinsipinə əməl etməklə yanaşı cinayətdə əlaqəli şəxslərin – istər qurbanın, istər də təqsirləndirilən şəxsin gerçək kimliyinin açıqlanması və ya göstərilməsi kimi məhdudiyyətləri əsas gətirən etik meyarlar ön plana çəkilməlidir. Məhkəmə işinin və təhqiqatının çap edilməsi azaddır. Lakin jurnalist bu cür materiallar üzərində işləyərkən öz subyektiv mövqeyini əsla ortaya qoymamalıdır. Məhkəmə yekun qərar çıxaranadək jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdir və professional etik normativlərin kobud surətdə pozulması deməkdir.
Bu məqamlar da bir çox ölkənin jurnalist təşkilatlarının etik kodeksində əksini tapıb: Almaniya Mətbuat Şurasının qəbul etdiyi Publisistikanın Prinsipləri – Mətbuat Kodeksinə, Portuqaliyada qəbul olunmuş Jurnalistlərin Deontoloji Kodeksinə, Türkiyə Mətbuat Şurasının Mətbuatın Professional Prinsipləri Kodeksinə, Fransa Jurnalistlərinin Milli Həmkarlar İttifaqının Jurnalistlərin Professional Borcu Xartiyasına diqqət etmək olar”.