Sentyabrın 7-si Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə təşkil etdiyi “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans başlayıb. Rəsmi məlumata görə, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrildiyini vurğulayıb: “Dünya Bankı və BMT-nin İnkişaf Proqramının tədqiqatları göstərir ki, son dövrlər əksər ölkələrdə milli sərvətin strukturunda nəzərəçarpacaq dəyişikliklər baş verir. Bu özünü iqtisadiyyatda aksentin orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəldilməsində büruzə verir. Məhz bunun üçün əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinə, bu sahədə mövcud olan problemlərin həllinə insan inkişafı kontekstində və BƏT-in irəli sürdüyü Layiqli Əmək Konsepsiyası prizması altında baxılması olduqca əhəmiyyətlidir”.
Nazir diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır. Müxtəlif ölkələrdə qeyri-formal iqtisadiyyatın yaranma səbəblərinin də müxtəlif olduğunu önə çəkən Müslümov qeyd edib ki, Latın Amerikasının bəzi ölkələrində qeyri-formal məşğulluğun səviyyəsi 30%-dən Cənubi Asiya ölkələrində 80%-dək fərqlənir: “Qeyri-formal məşğulluq inkişaf etməkdə olan və keçid ölkələrində, hətta inkişaf etmiş ölkələrdə də müşahidə olunur. İqtisadiyyatda qeyri-formal sektorun payı inkişaf etmiş Avropa Birliyi ölkələrində orta hesabla 18,4 faiz, Avstraliya, Kanada, Yaponiya, Yeni Zelandiya və ABŞ-da isə 8,6 faiz təşkil edir.
BƏT-in və Dünya Ticarət Təşkilatının birgə araşdırmaları nəticəsində müəyyən olunub ki, inkişaf etməkdə olan ölkələrdə qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olması ticarət əlaqələrinə daha çox təsir edir və ölkələrin açıq ticarətdən qazanc əldə etmək imkanını azaldır. Gender statistikası isə göstərir ki, inkişaf etmiş ölkələrdə qeyri-formal məşğulluq əsasən kişilər, xüsusilə miqrantlar arasında müşahidə olunur, inkişaf etməkdə olan ölkələrdə (məsələn, Şərqi və Cənubi Asiya ölkələrində) daha çox qadınlara xas olan haldır.
Coğrafi baxımdan qeyri-formal məşğulluğun əhatəsi şəhər yerlərində kənd yerlərinə nisbətən daha genişdir. Lakin kənd təsərrüfatında çalışanların məşğul əhalidə xüsusi çəkisinin yüksək olduğu ölkələrdə qeyri-formal məşğulluğun payı daha böyükdür”.
Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, komissiyanın qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır: “Hər bir işçi əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır”.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş tədbirlər planı təsdiq edilib: “Eyni zamanda komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb”.
Əhmədov həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.