ABŞ-ın aparıcı nəşrlərindən olan “Vaşinqton Post” qəzeti Azərbaycan mediası ilə bağlı yazı dərc edib. Azadliq.org-un məlumatına görə, yazıda bu ilin iyul ayında prezident İlham Əliyevin jurnalistlərə 255 mənzil hədiyyə etdiyi xatırladılır: “Dörd il öncə jurnalistlərdən ötrü ilk binanın açılışı olmuş, 156 mənzil paylanmışdı. Cənab Əliyev hər dəfə eyni sözləri işlədib, ölkədə söz azadlığının təmin olunduğunu deyib. Azərbaycan lideri bir tərəfdən azadlıqdan danışır, digər tərəfdən tiran kimi davranır. Cənab Əliyevin hakimiyyəti altında narazı alimlərə, insan haqları müdafiəçilərinə və jurnalistlərə qarşı davamlı cəza kampaniyası aparılıb”.
Məqalədə Əliyevin idarəçiliyi qorxu üzərində qurduğu və ona sadiqlik göstərənləri mükafatlandırdığı deyilir, ölkədə sonuncu müstəqil xəbər mediası olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin qrant qanununu pozmaq ittihamı ilə həbsə atıldığı vurğulanır: “Hakimiyyət bu media qrupuna qarşı vergidən yayınma və digər ittihamları işə salıb. Məqsədin təşkilatı və onun direktorunu qorxutmaq olduğu görünür. 1990-cı ildə əsası qoyulan “Turan” siyasi, iqtisadi və sosial məsələlərdən yazırdı, ancaq görünür, prezidenti qıcıqlandıran onların sədaqətsizlik sərgiləməsi olub.
“Azadlıq” radiosunun Azərbaycan xidməti iyulun 19-da Mehman Əliyevə istinadla yazırdı ki, ona da hələ 3 il öncə mənzil üçün əməkdaşların siyahısını vermək təklif edilib. Amma agentlik bundan imtina edib. Mehman Əliyev deyirdi ki, bu, jurnalistin rüşvət almasının başqa bir formasıdır”.
“Vaşinqton Post” bu müsahibədən bir neçə həftə sonra agentliyə təzyiqlərin başlandığını yazır: “Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətini yoxlamağa başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Mehman Əliyev ittihamları qəbul etmir. Avqustun 17-də isə agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Agentliyin bütün bank hesabları dondurulub. Avqustun 25-də Mehman Əliyev haqqında həbs qətimkan tədbiri seçilib. Avqustun 31-də kollektiv bəyan edib ki, “Turan” fəaliyyətini dayandırır.
“Turan”ın rəhbəri tək deyil – Azərbaycan həbsxanalarında digər jurnalistlər və bloqçular da cəza çəkir. Onlar azadlığa buraxılmalıdır. Eyni zamanda heç kəs prezidentin azad mətbuatla bağlı gözəl sözlərinə, yaxud jurnalistləri satın almaq kimi ziyanlı təcrübəsinə aldanmamalıdır. Həqiqəti həbsə atmaq və ya satın almaq mümkün deyil”.
Sentyabrın 6-da prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Vaşinqton Post”un yazısına cavab verib. O, AZƏRTAC-a açıqlamasında deyib ki, 2017-ci il iyulun 20-də prezident İlham Əliyevin iştirakı ilə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün tikilmiş binanın açılış mərasimi keçirilib və daha 255 media nümayəndəsi mənzil sahibi olub: “Azərbaycan prezidentinin nəcib və dəyərli təşəbbüsünü bütün jurnalistlərimiz, media ictimaiyyəti yüksək qiymətləndirib və alqışlayıb, dövlət başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edib.
Təəssüf ki, bu mühüm təşəbbüsü bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər qərəzli şəkildə şərh edir, “ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması”, “jurnalistləri ələ almaq cəhdi” kimi cəfəng iddialar irəli sürülür.
Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən ABŞ-ın “Vaşinqton Post” nəşri “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı sifarişli redaksiya məqaləsi ilə çıxış edərək qeyri-obyektivlik nümunəsi olduğunu bir daha aydın şəkildə göstərib. Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir”.