Sentyabrın 6-da “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxış edən prezident İlham Əliyev deyib ki, bu hadisə ölkənin gücünü göstərir: “Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin.
“Xankəndi” gəmisinin “Şahdəniz” qaz yatağının işlənməsində bu gəminin əvəzsiz xidməti olacaq. “Şahdəniz” qaz yatağının işlənməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil.
Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır.
Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Yəni nəqliyyat, energetika infrastrukturumuzun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir.
Bir neçə gündən sonra Azəri-Çıraq-Günəşli yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var.
Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, Azəri-Çıraq-Günəşlidə neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz Azəri-Çıraq-Günəşlidən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlayıb. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər Azəri-Çıraq-Günəşlidən lazımi səviyyədə neft hasil ediləcək. Bu həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.
“Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.