Sentyabrın 5-də prezidentin mətbuat xidməti açıqlama yayıb. Açıqlama Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hazırladığı yazı, həmin yazıya istinadla “BBC News” saytında dərc olunan “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Qardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədardır.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin araşdırmasında iddia olunub ki, Azərbaycanın hakim elitası 2012-2014-cü illərdə 2,5 milyard avro (2,8 milyard dollar) məbləğində vəsaitin qanunsuz yollarla “yuyulmasını” həyata keçirib. Bildirilib ki, çirkli pulların məxfi və dolayı yollarla yuyulması prosesinə Avropa rəsmilərinə rüşvət vermək, bahalı əşyalar almaq kimi məqsədlər də daxildir. İddiaya görə, çirkli pulların yuyulması prosesinin özəyini dörd əsas şirkət təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.
Prezidentin mətbuat xidməti bildirir ki, dövlət başçısının və onun ailə üzvlərinin yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır. Bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq bunlar heç bir nəticə verməyib. Elə “Qardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında deyib ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir. Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin materialları anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır: “Başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin Azərbaycana dost münasibəti bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı pozitiv fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.
Araşdırmalar göstərir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Qardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.
Əvvəlki dövrdə də Azərbaycana, ölkə prezidenti və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülüb, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olub, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməyiblər.
Bir daha bəyan edirik ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”.