Novator.az 2017-ci ilin 8 ayında (yanvar-avqust) məhkum olunmuş və həbs edilmiş ictimai-siyasi fəalların, jurnalistlərin siyahısını diqqətə çatdırır.
Yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi AZEL.tv saytının baş redaktoru Əfqan Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinib.
***
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elgiz Qəhrəman narkotik vasitə saxlamada təqsirli bilinib.
***
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə proses başa çatıb. Taleh Bağırova 20 il, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib. Təqsirləndirilən digər şəxslər 10-20 il arası iş alıblar.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 5 nəfərin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
2015-ci il dekabrın 8-də tutulmuş Fuad Qəhrəmanlı dövlət əleyhinə yönələn açıq çağırışlar, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinib.
***
Martın 3-də Suraxanı Rayon Məhkəməsi bloqçu Mehman Hüseynova 2 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Hökm Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında çıxarılıb.
***
Martın 28-də Quba Rayon Məhkəməsi Siyəzən rayonunda sosial tələbli aksiyalara (12-13 yanvar 2016-cı il) görə tutulmuş Müslüm Əzimovu, Zaur Şəkərovu 6 il, Elçin Əliyevi, Talıb Ağamalıyevi, Kamran Abdullayevi, Nizami Qəniyevi 5 il, Coşqun Bəğişovu, Fariz Kərimovu, Namiq Məstanovu, Abasət Süleymanovu 4 il, Aydın Səfərlini 2 il müddətinə azadlıqdan məhrum edib.
***
Aprelin 26-da Qaradağ Rayon Məhkəməsi sabiq səhiyyə naziri Əli İnsanova yeni cəza kəsib. Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Əli İnsanov satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada; hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmədə, cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların saxlanmasında təqsirli bilinib. Beləliklə, 2005-ci ildə tutulmuş sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
***
Mayın 2-də Nəsimi Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası kəsib. İyunun 1-də həmin məhkəmə jurnalist haqqında qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs qətimkan tədbiri seçib.
***
Mayın 3-də AXCP fəalı Elnur Fərəcov Neftçala Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.
***
Mayın 27-də Səbail Rayon Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçib. Gözəl Bayramlı qaçaqmalçılıqda ittiham olunur.
***
Mayın 31-də Səbail Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı haqqında həbs qətimkan tədbiri seçib. Jurnalist dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmədə ittiham olunur.
***
İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunu 7 il müddətinə azadlıqdan məhrum edib. Fikrət Fərəməzoğlu xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib.
***
İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Fuad Əhmədlini 4 il müddətinə azadlıqdan məhrum edib. Fuad Əhmədli operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə təqsirli bilinib.
***
İyulun 3-də Masallı Rayon Məhkəməsi ilahiyyatçı, Maide.az saytının baş redaktoru Sərdar Babayevi 3 il müddətinə azadlıqdan məhrum edib. Sərdar Babayev islam dininə aid ayin və mərasimlərin aparılması qaydalarını pozmaqda təqsirli bilinib.
***
İyulun 24-də Səbail Rayon Məhkəməsi AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Faiq Əmirli xeyli miqdarda vergidən yayınmada və qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınmasında təqsirli bilinib.
***
Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qətimkan tədbiri seçib. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.