Prezident yeni tapşırıqlar verib
- 03 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Prezident İlham Əliyev sentyabrın 3-ü Lənkəran şəhərində keçirilən respublika müşavirəsində yeni tapşırıqlar verib: “Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaq. Eyni zamanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilib. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlətin apardığı siyasət artıq gözəl nəticələrini verir.
Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Fermerlər bu siyasəti bəyənir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq. Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir.
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin.
O ki qaldı bu gün müzakirə etdiyimiz sahələrdən biri olan çayçılığa, hamımız yaxşı bilirik ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var. Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılıb. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdi və çayın istehsalı 26 min tona çatmışdı. Müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.
Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır.
Bu, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir.
İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etsin.
2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda ölkəmizdən bu qədər valyuta getməyəcək.
Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir”.
Prezident çəltikçiliyin inkişafına da toxunub: “Çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlərin də böyük marağı var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən dünən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır.
Biz təbii iqlim şəraitindən düzgün istifadə etməliyik. Çünki Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir. Bizim 9 iqlim zonamız var. Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu yetişdirə bilərik – meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri. Ona görə biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik.
Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.
Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər.
2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilib. Artım çox böyükdür – 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz.
Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək, bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq”.
Xəbəri AZƏRTAC yayıb.