Sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirəni prezident İlham Əliyev açıb, sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.
Prezident müşavirədə yekun nitqi söyləyib, sonra tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, sərgidə yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıqla məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev müşavirədə deyib ki, son illər dövlət sahibkarlara iki milyard manatdan çox güzəştli kreditlər verib və sahibkarlar da öz vəsaitlərini qoyublar: “Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub”.
Prezident qeyd edib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb: “Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük.
Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətdən verilən dəstək heç bir başqa ölkədə yoxdur. Ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Bu, fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsini dövlət təmin edir, metodik tövsiyələr verilir. Yəni sahibkarlara, fermerlərə dövlətdən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.
Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var”.
İlham Əliyev deyib ki, 2017-ci ilin 7 ayında ticarət dövriyyəsinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb: “Biz daha çox ixrac edirik, nəinki idxal. 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bu rəqəmlər bunun bariz nümunəsidir”.
Dövlət başçısı deyib ki, hökumətin bütün işlərinin, siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub.
Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda bölgələrimizdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.