Sentyabrın 2-də prezident İlham Əliyev Cəlilabad rayonuna səfər edib. Cəlilabad şəhərindəki Heydər Əliyev parkında prezidenti rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov qarşılayıb.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb.
Prezident əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışına da qatılıb. Bildirilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən, yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. İki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarət yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur: 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələri.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.
Əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu da istifadəyə verilib. 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir.
Sonra İlham Əliyev Cəlilabad şəhərində içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində olub. Burada o, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyev həmçinin Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.