Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də Dağlıq Qarabağa çəkilmiş yeni avtomobil yolunun açılışına qatılıb. Novator.az-ın məlumatına görə, Kəlbəcərdən keçən yeni yol Ermənistanın Vardenis rayonunu Azərbaycanın keçmiş Ağdərə rayonu ilə birləşdirir. Yol dünya ermənilərinin qurduğu “Ayastan” fondunun vəsaiti hesabına salınıb. 1992-ci ildə yaradılmış “Ayastan” fondu Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələr üçün pulu hər il Avropada və ABŞ-da təşkil etdiyi telefon və televiziya marafonlarında yığır.
Serj Sərkisyan sentyabrın 1-də həmçinin Ağdərədə Dadivank dini kompleksinə baş çəkib, Əsgəranda yeni açılmış şərab zavodunda olub.
Sentyabrın 2-də isə Serj Sərkisyan qanunsuz Dağlıq Qarabağ rejiminin 26 illiyi tədbirlərinə qatılıb. Tədbir iştirakçıları Xankəndinin mərkəzindən işğalçı Qarabağ müharibəsində ölmüş şəxslərin dəfn olunduğu qəbiristanlığa yürüş keçiriblər.
Tədbirdə Serj Sərkisyanı işğalçı rejimin başçısı Bako Saakyan və sabiq lideri Arkadi Qukasyan da müşayiət edib.
2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 27-ci dəfədir Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edir. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan uzun illər Dağlıq Qarabağın komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışıb.
O, işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
1988-ci ilin fevral ayında Dağlıq Qarabağ erməniləri bölgəni Ermənistana birləşdirmək tələbi ilə separatçı hərəkata, işğalçı müharibəyə başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu tutub. O vaxtdan bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.