“Turan” informasiya agentliyinin məhbus direktoru Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva “Azadlıq” radiosuna danışıb. O deyib ki, Mehmanın həbsinə hazır olub: “Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nə idisə, yubanırdı. Amma mən onun həbsini gözləyirdim. Özümü hazırlamışdım ki, o qədər tutulan, haqq-ədalət uğrunda saxlanan oğullarımız, igidlərimiz var, onların ailəsindən, o analardan, gəlinlərdən biri də mən. Mən onlardan artıq deyiləm ki”.
Zemfira Əliyeva yoldaşının vergidən yayınmada ittiham olunmasını cəfəngiyat adlandırıb: “Cəfəngiyatdır, quramadır, özlərinin də inanmadığı biabırçılıqdır. Bununla özlərini biabır edirlər, Azərbaycanın adına ləkə gətirirlər. Mehmanı bütün dünya tanıyır. Mehmanın idealist olmasını, milləti, vətəni, həqiqət uğrunda, halallıq uğrunda vuruşduğunu hər bir kəs bilir. Mehmana bu ləkəni yaxırlar.
Mehman vergidən yayınıb? Mehman kirayədə yaşayır. Mehmanın bu cəfəngiyatı uyduranlar kimi bəlkə villaları var, zavodları-fabrikləri, nələri-nələri var? Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar? Kirayədə yaşayır ona görə? 1990-cı ilin maşınını sürür ona görə?”
Zemfira Əliyeva Mehmanın həbsini 88 yaşlı qayınatasından gizlətdiyini deyib: “Mehmanın atasına yalan danışıram. Onun 88 yaşı var, beş əməliyyat keçirib. Mehman bəlkə də onu yenidən dünyaya gətirdi, onun həkimi oldu. İndi fikirləşin, Allah bunu götürər? 88 yaşında, beş dəfə əməliyyat keçirən bir kişi oğlunun həbsinə necə dözsün?
Hələlik aldadıram. Allah deyir ki, yalanla kiməsə kömək edirsənsə, qəbuldur. İndi Mehman bizə yazır ki, ona nələr lazımdır, nə alaq. Biz də onları aldıqca stolun üstünə qoyuruq. Atası da görür ki, bu nədir. Mən də yavaş-yavaş deyirəm nələrisə. Əvvəlcə dedim ki, Mehman xaricdədir, indi deyirəm ki, ata, Mehman bura gələndə saxlaya bilərlər. Deyirəm ki, sən bilirdin oğlun haqq uğrunda vuruşur, bilirdik ki, axırı belə olacaq…
Mehman üçün hazırladığımız şeyləri stolun üstündə görür, soruşur ki, kimin üçündür. Bir də qohumların, yaxınların çoxuna demişəm ki, bizə gəlməyin, zəng də vurmayın, çünki atası şübhələnir…
Mehmanı həddən çox adam sevir. Buzovnada adam qalmayıb bizə zəng vurmasın, dindarından, evdar qadınından tutmuş ziyalısına kimi. Hamı çox narahatdır. Mehmanın onlara etdiyi yaxşılıqlardan danışırlar, inanın danışdıqlarından xəbərim belə olmayıb. O, etdiyini dilinə gətirməzdi. Mehman ayrı Mehmandır. Hər bir qəlbdə yeri olan insandır”.
Mehman Əliyevin səhhətindən danışan yoldaşı deyib ki, o özünü idmana getməklə saxlaya bilirdi: “Onurğa sütununda, kürəyində problemlər var, mədəsində problem var. Bir dənə buna görə narahatam. Yeməyə görə narahat deyiləm, yemək sevən deyil.
Bizim bir itimiz var, adı Laykadır. Ona daha çox yazığım gəlir. Mehmanın maşınının səsini lap uzaqdan tanıyırdı. Bilirdi ki, gələn Mehmandır. İndi bütün günü yol gözləyir. Kim gəlsə görəcək ki, qapının küncündə oturub gözləyir. Onun halı mənə daha çox əziyyət verir”.
Novator.az xatırladır ki, Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin qaldırdığı cinayət işi üzrə avqustun 24-də tutulub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olan Mehman Əliyev “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.