Avqustun 31-də “Turan” informasiya agentliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentliyin əməkdaşlarının vəkillərini onların dindirilməsinə buraxmayıb.
Novator.az xatırladır ki, 2017-ci ilin may ayında vergi orqanının apardığı yoxlamada “Turan”a 3 min 744 manat 36 qəpik vergi məbləği hesablanıb. Agentliyin nazirliyə şikayətindən sonra işə yenidən baxılıb, qərar ləğv edilib. Ancaq avqustun 7-də Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti agentliyə 26 min 907 manat 20 qəpik mənfəət vergisi hesablandığını bildirib.
Avqustun 16-da nazirliyin əməkdaşları “Turan”ın redaksiyasına gələrək agentliyin 2014-2016-cı illərə aid maliyyə, kargüzarlıq sənədlərinin və bir sıra digər sənədlərin surətlərini, mühasibin şəxsi noutbukunu götürüblər, əməkdaşların şəxsi əşyalarına, kompüterlərinin yaddaşına baxış keçiriblər.
Az sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.
Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin “Turan”dakı yoxlamaları zəminində tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
“Turan”ın 31 avqust bəyanatında qeyd olunur ki, Mehman Əliyevin həbsindən sonra avqustun 28-də agentliyin 10-a yaxın işçisi və onunla əməkdaşlıq edən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb: “Agentlik əməkdaşlarının eyni gündə dindirilmək üçün istintaq orqanına dəvət edilməsi bir sıra kobud qanun pozuntuları ilə həyata keçirilib. Onlardan iki nəfər əvvəlcədən vəkillə təmin olunub. Amma istintaq orqanı dindirmədə nümayəndənin iştirakını qanunsuz olaraq təmin etməyib. Nəticədə şahidlər hüquqi xidmətdən məhrum edilib, onlardan mənəvi-psixoloji təzyiq mühitində ifadə alınıb. Agentliyin sabiq və hazırkı dörd əməkdaşı iş saatı başa çatmasına baxmayaraq təxminən axşam saat 10-a qədər dindirilib.
Agentliyin əməkdaşlarının şahid qismində dindirilməsi avqustun 29-da da eyni intensivlikdə davam etdirilib. Əməkdaşların prosessual qanun pozuntuları şəraitində, vəkil xidmətindən məhrum edilməklə, xüsusi bir intensivliklə dindirilməyə cəlb edilməsi Mehman Əliyevə verilmiş qurama ittihamın nəyin bahasına olur-olsun möhkəmləndirilməsi məqsədinə xidmət edir.
“Turan” informasiya agentliyi baş verənləri qətiyyətlə pisləyir, istintaq orqanını qanunçuluğa riayət etməyə, istintaq hərəkətlərini cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir”.
Avqustun 25-də “Turan”ın kollektivi bəyanat yayaraq bildirmişdi ki, Mehman Əliyevin tutulması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar qurumun bank hesabları dondurulub: “Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq “Turan”ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandıracaq”.