Avqustun 25-28-də Bakıda gənc jurnalistlər və sosial media fəalları üçün “Sosial mediadakı informasiya təxribatına qarşı tutarlı tədbirlər və sosial media kampaniyaları” mövzusunda seminar keçirilib.
Tədbir “İnternyus Azərbaycan” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətləri uğrunda səfərbər edilmiş media təşəbbüsləri” layihəsi çərçivəsində baş tutub.
Müxtəlif media strukturlarından əməkdaşların və bloqçuların (ümumilikdə 10 nəfər) qatıldığı dörd günlük təlimin nəzəri və praktiki hissəsini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, “Dinc Dünya” Araşdırmalar Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev və AzTV-nin cəbhə zonası üzrə xüsusi müxbiri Teymuraz Zahidoğlu aparıblar.
Təlim “Dövlət sirri və informasiya əldə etmək hüququ”, “Hərbi informasiyaların əldə edilməsində beynəlxalq təcrübə”, “Ekstremal (atəşkəsin pozulduğu an) şəraitdə olan sosial media fəalının davranış metodları”, “Müharibə şəraitində olan ölkədə vətəndaş cəmiyyəti məsuliyyəti və etik qaydalar”, “Ekstremal jurnalistikada qoyulan tələb və davranış qaydalar” və başqa istiqamətləri əhatə edib.
Layihənin məqsədi sosial media məkanında Azərbaycan milli maraqlarının və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğ ediməsidir.
Bu məqsədlə sosial media fəallarını, jurnalistləri və bloqçuları bir araya gətirəcək “Əsgər bloqçular” adlı bloq səhifəsinin təqdimatı da nəzərdə tutulur.