Dünya futbol çempionatının seçmə mərhələsi finişə yaxınlaşır. Novator.az bu həftə start götürəcək növbəti oyunlar ərəfəsində turnir cədvəllərinə nəzər salıb.
2018-ci ildə Rusiyada meydan sahibi və daha 31 komandanın iştirakı ilə keçiriləcək çempionata indiyəcən Cənubi Amerikadan Braziliya, Asiyadan İran vəsiqə alıb.
10 komandanın bir qrupda yarışdığı Cənubi Amerikada lider Braziliyanın ardınca dünya çempionatına birbaşa vəsiqə zonasında Kolumbiya, Uruqvay və Çili qərar tutur.
Argentina beşinci yerdədir. Bu yer Okeaniya zonasının qalibi ilə üz-üzə gəlmək imkanı verir.
Okeaniyada Solomon adaları Yeni Zelandiya ilə iki oyun keçirəcək. Bu cütlüyün qalibi dünya çempionatına vəsiqə üçün Cənubi Amerika təmsilçisi ilə yarışacaq.
Asiyada A qrupuna İran liderlik edir. Cənubi Koreya ikinci, Özbəkistan üçüncüdür.
B qrupunda Yaponiya öndədir. Səudiyyə Ərəbistanı və Avstraliya ikinci-üçüncü yerləri bölüşürlər.
Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanır. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.
Şimali və Mərkəzi Amerikada 6 komanda bir qrupda yarışır. 6 turdan sonra Meksika birinci, Kosta Rika ikinci, ABŞ üçüncüdür. Bu mövqelər dünya çempionatının final raunduna birbaşa vəsiqə verir.
Panama dördüncü pillədədir və Asiya təmsilçisi ilə üz-üzə gəlməyə namizəddir.
Afrikada 20 komanda 5 qrupda mübarizə aparır. Dünya çempionatına qrup qalibləri vəsiqə alacaq. Hazırda A qrupunda Konqo Demokratik Respublikası və Tunis, B qrupunda Nigeriya, C qrupunda Fil Dişi Sahili, D qrupunda Burkina-Faso və Cənubi Afrika Respublikası, E qrupunda Misir öndədir.
Avropada mübarizə 9 qrupda gedir. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə alır, ikinci yeri tutan komandalardan 8-i isə bunun üçün əlavə oyunlar keçirməlidir.
A qrupunda İsveç və Fransa liderlik edirlər.
B qrupunda İsveçrə birinci, Portuqaliya ikincidir.
C qrupunda Almaniya liderdir, Şimali İrlandiya ikinci pillədə dayanır.
D qrupunda Serbiya və İrlandiya öndə gedirlər.
E qrupunda Polşa önə çıxıb, onu Monteneqro və Danimarka təqib edir.
F qrupunda İngiltərə birinci, Slovakiya ikinci yerdədir.
G qrupunda İspaniya və İtaliya başda dayanır.
H qrupunda Belçika lider, Yunanıstan ikincidir.
İ qrupunda Xorvatiya və İslandiya önə çıxıb.