Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərliyə qaldırılmış cinayət işinə xitam verilib.
Novator.az xatırladır ki, Natiq Cəfərli ötən il avqustun 12-də tutulub, Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında onun barəsində həbs qətimkan tədbiri seçib. Sentyabrın 9-da o, azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunan icraçı katib barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirib ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94565 dollar məbləğində pulu “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71334 manat məbləğində gəlir əldə edib. Açıqlamaya görə, Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
APA-nın 28 avqust 2017-ci il xəbərinə görə, Natiq Cəfərlinin vəkili Cavad Cavadov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. İdarədə Natiq Cəfərlinin əməlində cinayət tərkibi olmadığı elan edilib, cinayət işi xətm olunub.
Vəkil qeyd edib ki, Natiq Cəfərlinin axtarış zamanı götürülmüş əmlakları, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarılıb. Eyni zamanda onun ölkədən çıxma məhdudiyyətinin götürüləcəyi bildirilib.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib.