ABŞ-dan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinə reaksiyalar var.
Avqustun 25-də Yasamal Rayon Məhkəməsi Mehman Əliyevlə bağlı 3 aylıq həbs qətimkan tədbiri seçib. Novator.az bildirir ki, qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur (Vergilər Nazirliyinin rəsmi məlumatı).
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparır. Mehman Əliyev bu cinayət işi ilə əlaqədar avqustun 24-də saxlanıb.
Avqustun 25-də “Turan” agentliyinin kollektivi bəyanat yayıb. Bəyanatda deyilir ki, “Turan”ın bank hesabları dondurulduğu üçün kollektiv sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandıracaq.
“Amerikanin səsi”nin 28 avqust xəbərinə görə, Ağ evin rəsmi səhifəsindəki “Biz xalqıq” bölməsində Mehman Əliyevin həbsdən buraxılması üçün petisiya yerləşdirilib. Petisiya müəllifləri bildirir ki, Mehman Əliyevin yeganə “cinayəti” Azərbaycanın sonuncu müstəqil media qurumuna rəhbərlik etməsidir.
Sənəddə “Turan”ın keçmiş SSRİ məkanında ilk müstəqil informasiya agentliyi olduğu vurğulanır. Qeyd edilir ki, Mehman Əliyevin həbsi “Turan” agentliyini ələ almaq təzyiqləri fonunda baş verib.
Müəlliflər Ağ evi məsələyə təcili müdaxilə etməyə çağırırlar. Azərbaycan rəsmilərindən Mehman Əliyevə ittihamların dayandırılması və onun dərhal, qeyri-şərtsiz azadlığa buraxılması istənir.
Petisiya sentyabrın 25-dək Ağ evin səhifəsində imzalanmaya açıq olacaq. Administrasiyanın məsələyə münasibət bildirməsi üçün sənədi 100 min şəxsin imzalaması tələb olunur.
ABŞ Dövlət Departamentinin bəyanatında isə Mehman Əliyevin həbsindən narahatlıq ifadə olunur: “Turan”a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökumətinin may ayında “Azadlıq” radiosunun və digər müstəqil media qurumlarının saytlarının bloklanması qərarı da (Məhkəmə qərar verdi: saytlar bloklansın!) daxil olmaqla mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar bütövlükdə ölkədə ifadə azadlığının boğulması ilə bağlı mənfi ənənələrin ən axırıncısıdır.
Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq”.
Mehman Əliyev 1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin (indiki AZƏRTAC) müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.