Avqustun 24-də Əmlak Məsələləri Dövlət Komitəsi yeni açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, komitə torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı genişmiqyaslı işlər həyata keçirir: “Bu sahədə yarana biləcək çətinliklərin qarşısının alınması üçün qanunvericilik çərçivəsində mütəmadi tədbirlər görülür. Məqsəd torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi və qeyri-qanuni özbaşına zəbt olunması hallarını müəyyən etmək və qarşısını almaqdır. Eyni zamanda tədbirlərin təhlillərinə əsasən aşkar olunur ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan müvafiq icra hakimiyyəti orqanı fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə torpaqlar ayırır.
Prezidentin 4 may 2015-ci il fərmanı ilə təsdiqlənmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı komitənin rəyinin alınması qeyd edilib. Yəni yerli icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı yer quruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır.
Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) yer quruluşu qaydasında müəyyən edilir.
“Torpaq icarəsi haqqında” qanunun 9-cu maddəsinə görə isə yer quruluşu layihələri əsasında torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Torpaqla bağlı yer quruluşu işlərini komitənin müvafiq qurumları həyata keçirir.
Yer quruluşu işlərinin aparılmasının əsas səbəbi ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşmanın təmin edilməsidir. Bu isə ayrılan torpaqların ərazisinin eyni sahəyə düşməsinin qarşısını alır.
Rəylərin verilməsində başlıca məqsəd isə torpağın təyinatından irəli gələn məsələlərin aydınlaşdırılması, torpaqların hansı kateqoriyaya aid olmasının araşdırılması, torpaqların mühafizə zolaqlarında yerləşib-yerləşməməsinin müəyyənləşdirilməsidir. Rəy verilərkən torpaqların yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları mühafizə zolaqlarında, magistral neft, qaz, su boru kəmərləri üzərində yerləşməsi aşkara çıxarılır. Bundan başqa rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib-gəlməməsini müəyyənləşdirir.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə sonradan vətəndaş rahatlıqla mülkiyyət hüququ əldə edə bilər”.