Rusiya SSRİ-nin xarici borclarını üzüb. Novator.az-ın məlumatına görə, Maliyyə Nazirliyi belə açıqlama yayıb.
Son borc Bosniya və Herseqovinaya ödənib. Rəsmi hesabata əsasən, Bosniya və Herseqovinaya SSRİ dövründən qalan 125,2 milyon dollar borc avqustun 8-də birdəfəlik ödənişlə bağlanıb.
Bosniya və Herseqovinaya borc SSRİ-nin Yuqoslaviya Sosialist Federativ Respublikası ilə münasibətləri zəminində yaranmışdı. Rusiya Yuqoslaviyanın subyekti olmuş digər ölkələrə də (Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Monteneqro) SSRİ-dən qalma borcları ayrı-ayrılıqda ödəyib.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
1993-cü ildə Rusiya SSRİ-nin xarici borclarını bütünlüklə öz üzərinə götürüb. Əvəzində digər 14 ölkə SSRİ-nin xarici hesablarındakı paylarından imtina ediblər.