Prezident İlham Əliyev qərb bölgəsinə səfər edib. Avqustun 19-da Göygöl rayonuna gedən dövlət başçısı Qələbə parkında yaradılan şəraitlə tanış olub, yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Prezidentin iştirakı ilə Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası yenidənqurmadan sonra istismara verilib.
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub. Laboratoriya ilə tanışlıqdan sonra prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O qeyd edib ki, bölgələrdə işsizliklə bağlı problem aradan qaldırılır: “Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Son iki il ərzində pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.
Kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, fındıq, badam, çay, sitrus meyvələri, yəni hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq”.
İlham Əliyev Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılışında da iştirak edib.
Həmin gün Samux rayonuna gedən dövlət başçısı Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışına, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasiminə qatılıb.
Prezident Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə də tanış olub, 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Gədəbəy rayonuna baş çəkən İlham Əliyev “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışına qatılıb. 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyası da açılıb.
İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həmin gün Şəmkir rayonuna səfər edən dövlət başçısı Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib, yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışına qatılıb.
Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olan prezidentə bildirilib ki, əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.
Sonra prezident “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.
Dövlət başçısının iştirakı ilə “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi də açılıb.