Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlı ilə bağlı iki şikayətə baxılıb.
Əfqan Muxtarlı, müdafiəçilərinin dediyinə görə, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Novator.az-ın məlumatına görə, avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində baxılan şikayətlərdən biri Əfqan Muxtarlıya qanuni maraq kəsb edən şəxslərlə və qohumları ilə görüşə icazə verilməməsi, digəri vəkil Elçin Sadıqovun iyunun 5-də Əfqan Muxtarlı ilə görüşə bilməməsi ilə əlaqədar olub.
Birinci şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev baxıb. Şikayət təmin olunmayıb. İlkin məhkəmə instansiyası (Sabunçu Rayon Məhkəməsi) da şikayəti təmin etməmişdi.
Jurnalistin vəkili Elçin Sadıqov bildirir ki, hakim Sahibxan Mirzəyev işə baxarkən qanuni maraq kəsb edən şəxslər anlayışına fərqli şərh verib: “Biz vəsatət qaldırdıq ki, Konstitusiya Məhkəməsinə sorğu göndərilsin, qanuni maraq kəsb edən şəxslər anlayışına rəsmi təfsir verilsin. Çünki “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 15-ci maddəsində deyilir ki, tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya ondan ötrü qanuni maraq doğuran digər şəxslərə bu barədə telefonla məlumat vermək hüququna malikdir.
Lakin hakim bu arqumenti qəbul etmədi, Əfqan Muxtarlı ilə görüşmək istəyən adamları qanuni maraq kəsb edən şəxslər kimi tanımadı. O cümlədən məhbusun görüş səlahiyyətini başqalarına vermək üçün qohumlara etibarnamə verməsi hüququ da tanınmadı. Hakim işə baxmazdan əvvəl öz fikrini dediyi, faktiki qərarını elan etdiyi üçün biz məhkəmə tərkibinə etiraz etdik, lakin bu etiraz da təmin olunmadı.
Biz şikayətçi olduğumuz Bakı İstintaq Təcridxanasının da prosesə cəlbini istədik. Amma vəsatətlərimiz qəbul edilmədi, Sabunçu Rayon Məhkəməsinin qərarı qüvvədə saxlandı”.
Vəkil Elçin Sadıqov iyunun 5-də Əfqan Muxtarlı ilə görüşə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, şikayəti təmin olunmamışdı. Bakı Apellyasiya Məhkəməsi də bu şikayəti təmin etməyib. Sözügedən şikayətə hakim Həsən Əhmədov baxıb.
Elçin Sadıqov prosesdə Bakı İstintaq Təcridxanasındakı görüş jurnalının, Əfqan Muxtarlının şəxsi işinin məhkəməyə gətirilməsini tələb edib. Vəsatətlərin heç biri təmin olunmayıb.
Vəkil avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində çıxarılan qərarları sosial şəbəkədə yaydığı açıqlamasında şərh edərkən deyib: “Artıq daxili müdafiə vasitələrimiz tükənib, Avropa Məhkəməsinə şikayət edəcəyik”.
Vəkil açıqlamasında onu da qeyd edib ki, jurnalistin səhhəti qaydasında deyil və bu, məhkəmə proseslərində də duyulurdu: “Şəkər xəstəliyi ona ciddi problemlər yaradır. Məhkəmədə çox saxlandığına və günorta yeməyinin vaxtı ötdüyünə görə əhvalı pisləşdi, dərman verdik. Amma vəziyyəti pis olaraq qalır, qan təzyiqindən də əziyyət çəkir. Dəfələrlə müraciət etmişik, heç bir tibbi xidmət göstərilmir. Hətta iddia edirlər ki, məhbusun vəziyyəti stabildir, heç bir problemi yoxdur. Məhkəmə prosesləri başa çatan kimi onu yenidən Bakı İstintaq Təcridxanasına apardılar”.
Bu günlərdə Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov və təcridxananın tibbi-sanitar hissəsinin rəisi Qurban Hüseynov Əfqan Muxtarlının səhhəti ilə bağlı jurnalistin vəkillərinə məktub yollayıblar.
Vəkillər təcridxana rəhbərliyinə müraciət edərək Əfqan Muxtarlının sağlıq durumunun nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.
Rəşid Səfərov və Qurban Hüseynovun cavab məktubunda bildirilir ki, Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasına yerləşdiriləndən – iyun ayının 1-dən gərəkli tibbi müalicə-müayinə ilə təmin edilib: “Müayinəsi zamanı Əfqan Muxtarlı şəkərli diabet xəstəsi olduğunu bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji müayinələrdən keçirilib. Müayinə zamanı yalnız şəkərinin normadan bir qədər yüksək olduğu müəyyən edilib. Ona dəstəkləyici dərmanlardan istifadəni davam etdirməsi məsləhət görülüb. Qanda şəkərin səviyyəsinə nəzarət məqsədilə qlükometr cihazını daim yanında saxlaması üçün tapşırıq verilib”.
Məktubda qeyd olunur ki, Əfqan Muxtarlı təcridxanada daim həkim nəzarətində saxlanıb, kardioloq və endokrinoloq onu konsultasiya edib və bu müddət ərzində jurnalistin səhhətində xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət – arterial təzyiq, qanda şəkərin miqdarının kəskin yüksəlməsi halı müəyyən edilməyib. Təcridxana rəhbərliyi iddia edir ki, Əfqan Muxtarlının səhhəti hazırda kafidir, onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Jurnalist 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.