Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Elçin İsmayıllının işində problemlər yaşayır. Novator.az-ın məlumatına görə, vəkil avqustun 18-i sosial şəbəkədə yaydığı açıqlamada üzləşdiyi problemlərlə bağlı rəsmi qurumlara müraciət edəcəyini bildirib.
Elçin İsmayıllı bu fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. Şəki Penitensiar Kompleksində saxlanan jurnalistə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. O, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin işçisini hədələməkdə təqsirli bilinir. Jurnalist ittihamı saxta hesab edir.
Vəkil Elçin Sadıqov bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov avqustun 15-də ona zəng edərək elə həmin gün Elçin İsmayıllının işi ilə bağlı hazırlıq iclasının keçiriləcəyini deyib: “Halbuki Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmənin hazırlıq iclasına ən azı 7 gün qalmış müdafiə tərəfinə yazılı məlumat verilməlidir. Mənə hazırlıq iclasının təyin edilməsi ilə bağlı heç bir bildiriş gəlməyib.
Avqustun 1-də Elçin İsmayıllıya vəkillik etmək üçün mənimlə müqavilə bağlanıb. Hazırlıq iclasının təxirə salınması üçün hakim Rəşid Hüseynova teleqram göndərdim, hazırlıq iclasını təxirə salmasını, Elçin İsmayıllı ilə Şəki Penitensiar Kompleksində görüşə icazə verilməsi və vəsatətlərin hazırlanmasına vaxt verməsini, məhkəmə iclasının təyini gününü mənimlə razılaşdırmasını xahiş etdim. Teleqram göndərməyimə baxmayaraq məndən gizlin iclas keçirilib. Orderi məhkəmə hakiminə təqdim etsəm də, o, sənədi qəbul etmir və sənədin tarixini dəyişdirmək tələbi qoyur, öz qanunsuzluğunu orderin tarixini dəyişməklə yumaq istəyir. Orderin tarixi dəyişməz qalmalıdır. Nömrəli sənəddir, onu heç bir halda saxtalaşdırmağa yol verilmir. Hakim məndən belə bir qanunsuzluq tələb etdiyi üçün Məhkəmə-Hüquq Şurasına şikayət edəcəm və Baş Prokurorluğa müraciət ünvanlayacam. Mənə hazırda hüquqlarını müdafiə etdiyim şəxslə görüşə də icazə verilmir”.
Vəkil yazıb ki, avqustun 24-də Elçin İsmayıla açılan cinayət işi ilə bağlı məhkəmə baxışı olacaq: “Həmin iclasda məhkəməyə hazırlaşmaq üçün vaxt istəyəcəm və vəkil qismində iştirak hüquqlarımın təmin olunmasını tələb edəcəyəm”.