Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan təyinatına uyğun və səmərəli istifadəyə nəzarət tədbirləri ilə bağlı məlumat yayıb. Rəsmi hesabata görə, bu il 673 hal üzrə inzibati protokollar tərtib edilib, 655 min manata yaxın cərimə tətbiq olunub. İnzibati protokolların 35-i Bakının, 638-i isə regionların payına düşür.
Komitə bildirir ki, monitorinqlərdə torpaqların təyinatına uyğun istifadə edilmədiyi, torpaqların ayrılmasında qanunsuzluğa yol verildiyi, əsassız olaraq torpaqların kateqoriyasının dəyişdirildiyi ortaya çıxır: “Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır.
Torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına rast gəlinir, bu da torpaqların eroziyaya uğramasına səbəb olur.
Bir sıra hallarda isə vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edib hasarlayırlar.
Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq obyektləri və digər təyinatlı obyektlərin tikintisi hallarıdır”.
Dövlət komitəsi xatırladır ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib: “Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub”.