Dövlət Statistika Komitəsi ticarət hesabatları yayıb. Novator.az-ın məlumatına görə, xarici ticarət hesabatında bildirilir ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən məhsul alınıb.
6 ayda xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon dollar, idxalın dəyəri 3 milyard 409,7 milyon dollar təşkil edib, 3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.
Ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB ölkələri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
Yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.
Başqa bir hesabata əsasən, 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq malları və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
7 ayda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.