2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artıb, neft sektorunda isə 7,1 faiz azalıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Rəsmi hesabatda bildirilir ki, sənaye məhsulunun 70 faizi mədən sektorunda istehsal olunub.
Neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.
Qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 30 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5 faiz, geyim istehsalı 49 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3 faiz, kağız və karton istehsalı 0,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3 faiz, tikinti materiallarının istehsalı 38,3 faiz, kompüter və elektron məhsulların istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı 69 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,3 faiz, mebel istehsalı 26,1 faiz artıb.
Tütün məmulatlarının istehsalında 23,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 38,3 faiz, poliqrafiya məhsullarının istehsalında 43,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında 9,4 faiz, hazır metal məmulatlarının istehsalında 30,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 52 faiz azalma qeydə alınıb.
Rəsmi hesabata görə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalıb.