Azərbaycan rəqslərinin min illərlə ölçülən qədim və zəngin tarixi var. Eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində yer tutub.
Sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox qabaq adamlar çəpik çala-çala, çəpiklərin ritmik zərbələri altında rəqs ediblər. Tayfalar ovçuluqla məşğul olanda da öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər.
Beləliklə, dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar yeni məzmun və istifadə vasitələri əldə edib.
Milli rəqslərimiz, təbii ki, özünəməxsus cəhətləri ilə başqa xalqların rəqslərindən fərqlənir. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edir.
Bəzi rəqslər əslində dini mərasim və ya müharibəyə hazırlıq üçün yaradılsa da, sonralar yalnız şənlik məclislərində göstərilib.
Mövzusuna görə rəqslər bir neçə yerə bölünür.
Mərasim rəqsləri toy, bayram, önəmli olaylarla bağlıdır. Bu sıraya “Novruzu”, “Kos-kosa”, “Xıdır İlyas”, “Qodu-qodu” kimi bayram rəqslərini, “Qıtqılıda”, “Mirzəyi”, “Vağzalı” kimi toy rəqslərini, “Aeroplanı”, “Ekspress”, “Torqsin” kimi siyasi-iqtisadi həyatla bağlı rəqsləri göstərmək olar.
Məişət rəqsləri bir neçə cür olur. Uşaqlar üçün rəqslər (“Bənövşə”, “Bir quşum var”), lirik rəqslər, əşyalarla rəqslər (qavalla rəqs, “Yaylığım”, “Nəlbəki”, “Xonça”, “Dəsmalı”, “Xəkəndazı”), təbiətə həsr olunmuş rəqslər (“Turacı”, “Ceyranı”, “Şalaxo”, “Keçməməsi”, “Qafqazı”, “Lalə”, “Qusarçay”), məzəli, satirik rəqslər və etiraz rəqsləri var.
Əmək rəqsləri əkin, biçin, bağçılıqla bağlıdır (“Araba”, “Cütcü”).
Hərbi-qəhrəmanlıq, idman rəqslərinə “Misri”, “Koroğlu çığatayı”, “Koroğlunun döşəməsi”, “Koroğlunun çağırışı”, “Qoç Əli”, “Beşatılan”, “Mücəssəmə”, “Zorxana” rəslərini misal göstərmək olar.
Yallı (halay) rəqsləri ayrıca qeyd olunmalıdır.
Coğrafi adları əks etdirən rəqslər də var: “Aşqabadı”, “Sabirabadı”, “Asta Qarabağı”, “Şuşanı”, “Qars”, “Dərbəndi” və sair.
Hansısa şəxslərin tanınmış rəqsləri də var ki, bu sırada “Çağatayı”, “Gülgəz”, “Gülüstanı”, “Xalabacı”, “Cəfəri”, “Arazı”, “İlqarı”, “Sərvəri” rəqslərini qeyd etmək mümkündür.
Rəqəmlərlə adlandırılmış rəqslər də mövcuddur: “Yüz bir”, “On dörd”, “Altı nömrə” və sair.
Məmməd Saleh İsmayılov bütün rəqsləri ifa tərzinə görə üç qrupa bölür: tək (solo); cüt (duet); kollektiv (qrup) rəslər.
Ritminə görə rəqslər üç cür olur. Ağır, aram rəqslər: “Mirzəyi”, “Turacı”, “Uzundərə”. Əsasən yaşlı qadın və kişilərin ifa etdiyi rəslərdir.
Yüngül şən rəqslər: “Tərəkəmə”, “Brilliant”, “Ceyranı”, “Nazeləmə”. Əsasən gənc qadın və kişilərin rəqsləridir.
Cəld rəqslər: “Qaytağı”, “Ləzginka”, “Qazağı”, “Xançobanı”.
Bəzi rəqslərin adı hərəkətlərlə bağlıdır -“Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı”.
Bayram Hüseynli musiqi müşayiətinə görə rəqsləri üç yerə ayırır: vokal (səsli) – ən qədim rəqs forması; vokal-instrumental (səsli-çalğılı); instrumental (çalğılı) – rəqsin ən çağdaş forması.
Mən də Azərbaycan xalq rəqsləri ilə məşğul olmuşam. Mən Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində 5 il təhsil almışam və “Çovqan” rəqs qrupunun üzvüyəm. Mən rəqs etməkdən zövq alıram.
Aydan QULİYEVA,
14 yaş, Ağdam rayonu