Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 255 mənzilli yeni yaşayış binasında mənzil alacaq şəxslərin seçimi başa çatıb. İddiaçıların təqdim etdiyi sənədləri araşdırıb Prezident Administrasiyasına təqdim edən komissiyanın sədri belə deyib.
Komissiyaya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, Milli Televiziya və Radio Şurasından Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev daxildir. Sədr Vüqar Səfərlidir.
APA-ya açıqlama verən Vüqar Səfərli deyib ki, komissiya və Prezident Administrasiyası ümumilikdə 2 mindən çox sənəd qəbul edib, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və ilkin olaraq 255 iddiaçının adı müəyyənləşib: “Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.
Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb”.
Mənzil almağa iddialı şəxslərin seçimi mayın 22-dən başlayıb. Qaydalara görə, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürüb.
Televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlərin, jurnalların, xəbər portallarının və saytların 3 namizəd müəyyənləşdirmək hüququ olub. Namizədliyi verilən KİV əməkdaşına həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərmək şərti qoyulub.
Dövlət orqanlarına mətbuat xidmətlərinin əməkdaşları barədə təqdimatlar vermək, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlərə fərdi qaydada müraciət imkanı yaradılıb.
156 mənzilli ilk bina 4 il əvvəl media işçilərinə təqdim olunub.