Vergilər Nazirliyi vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında hesabat yayıb. Novator.az-a verilən rəsmi məlumata görə, 2017-ci ilin ilk yarısında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 139 cinayət işinin araşdırmaları zamanı 7 milyon 806,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
38 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödəndiyinə görə onların icraatına xitam verilib.
Departamentdə 254 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 5 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 65 iş üzrə 75 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə məhkəmələrə göndərilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 13 nəfər şəxs tutulub, ibtidai istintaqdan yayınan 129 şəxsin məcburi qaydada gətirilməsi, 172 şəxsin tapılaraq istintaqa gəlmələri, 190 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 82 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.