“Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 12 iyul iclasında belə deyib.
Novator.az-ın məlumatına görə, dövlət başçısı yekun nitqində deyib ki, maliyyə sabitliyi və iqtisadi sabitlik əldə edilib: “İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir”.
Prezident qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb: “Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət lazım olan bütün infrastruktur layihələrini icra edib.
Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaq. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək.
Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib”.
Aqrar sahədən söz açan prezident yeni aqroparkların yaradılması, pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, zeytunçuluq, fındıqçılıq, kartofçuluq, heyvandarlıq, şəkər çuğunduru, soya, badam, taxılçılıq məsələlərinin üzərində dayanıb.
Dövlət başçısı inşaat sektorunun canlandığını qeyd edib: “İndi Bakıda 100-dən çox çoxmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”.
Sərmayə qoyuluşu məsələsinə toxunan prezident icra başçılarını bölgələrdə investisiyaları cəlb etmək üçün fəal olmağa çağırıb: “Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək.
Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Prezident ölkənin ixracında irəliləyiş olduğunu deyərək rəqəmlər səsləndirib: “Bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb”.
İlham Əliyev sənaye məhsullarının ixracında da yüksəliş olduğunu qeyd edib.