Hesablama Palatası 2017-ci ilin ilk yarısına dair rəqəmləri açıqlayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 6 ay ərzində 31 nəzarət tədbirinin başlanması və 14 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub. Nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işidir.
Palata qeyd edir ki, nəticələri ilə bağlı qərar çıxarılmış nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə olunan vəsaitlər üzrə xərcləri əhatə edib. 2-i nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbirlə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.
Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 milyon manat vəsait əhatə edilib. Bunun 402,6 milyon manatı və ya 66,5%-i dövlət büdcəsinin xərcləri, 88,3 milyon manatı və ya 14,6%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 114,6 milyon manatı və ya 18,9%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrədir.
Əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərdə ümumilikdə 4 milyon 762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.
Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi bildirilir.