İyulun 11-də Ali Məhkəmə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə məhkum olunmuş keçmiş müstəntiq Rüfət Səfərovun kassasiya şikayəti üzrə qərar qəbul edib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib, hökm qüvvədə saxlanıb.
Ötən il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovu 9 il müddətinə azadlıqdan məhrum edib. Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi həmin hökmü olduğu kimi saxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Sabiroğlu həmin vaxtlar mediaya açıqlamalarında hakimiyyətin ayrı-ayrı yüksək fiqurlarını sərt tənqid edib. Partiyanın ayrı-ayrı məsul şəxsləri buna cavab olaraq Eldar Sabiroğlunu qınayan açıqlamalar veriblər və onun ittihamlarının əsassız olduğunu vurğulayıblar.
Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb.