Prezident: “Neft başağrısı yarada bilər”
- 10 İyul 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dövlət başçısı İlham Əliyev iyulun 11-i İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində, prezidentlərin tədbirində çıxış edib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verib: “Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə məhz Azərbaycanda, Bakıda çıxarılıb. Ondan bir əsr sonra – XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən nefti Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri hasil edib. Lakin o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Ancaq müstəqillik dövründə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi oldu. Müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başladı. Müstəqilliyimizin ilk illərində – 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizindəki karbohidrogen yataqlarını xarici sərmayədarların üzünə açdı.
1994-cü ildən etibarən Azərbaycanın neft sənayesinə böyük sərmayə qoyulmağa başlandı. Eyni zamanda 1994-cü il ona görə əlamətdar bir tarixdir ki, məhz o ildə “Əsrin kontraktı” imzalandı. Bu kontrakt Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynayır. Ondan sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edildi. Bu yatağın qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrdir. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir və bu gün Cənub Qaz Dəhlizinin resurs bazasının əsasını təşkil edir.
Beləliklə, artıq Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilib. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi. Çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Rəcəb Teyyub Ərdoğanla bir yerdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak edirdik və o vaxt da biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız uğurla reallaşır. Çünki biz bu gün Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə qoyulub.
2012-ci ildə Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi Cənub Qaz Dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başladı. Bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıb, yaxın aylarda tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanıb. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulub.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək.
Cənub Qaz Dəhlizi layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar – yəni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcək.
Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki qalan bütün qaz mənbələri fəaliyyətdədir. Artıq yeni mənbə aşkarlanıb. Bu qaz ehtiyatları yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Yəni bizim üstünlüyümüz ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır.
Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk.
Bu konqresdə neft, qaz məsələləri diqqət mərkəzindədir. Mən çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Adətən neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə biləydik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə çox şəffaf şəkildə qoruyuruq. Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb. Yəni birinci şərt budur – tam şəffaflıq. Bizim Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır.
İkinci məsələ, neftdən əldə edilən gəlirlərdən düzgün istifadə olunmalıdır. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eyni zamanda son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik. Biz sosial infrastruktur layihələrinə böyük vəsait qoyduq – məktəb, xəstəxana tikintisi. Yoxsulluqla çox ciddi mübarizə aparılır. Neft sektoru əslində çox iş yeri yaradan sektor deyil. Amma buna baxmayaraq biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir. Yəni düzgün siyasət və düzgün atılan addımlar nefti həm faydaya çevirə bilər, həm də bu sərvət ölkələr üçün problem yarada bilər.
Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaq”.