Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı bəyanatına rəsmi Bakının cavabı dövlət mediasında yayılmayıb.
İyulun 5-də rəsmi Moskva Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına münasibətini pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Rusiya vətəndaşları Azərbaycanda etnik mülahizələrlə ayrı-seçkiliyə məruz qalır. Bildirilib ki, 2017-ci ildə Rusiyanın 25 vətəndaşı Azərbaycana buraxılmayıb. Həmin şəxslərin bəzi hallarda yeməksiz, susuz, tibbi yardımsız saxlandığı, sonra öz hesablarına ölkədən çıxarıldığı vurğulanıb.
Nazirlik bəyan edib ki, deportasiyaya əsas kimi Rusiya vətəndaşlarının erməni soyadı daşıması göstərilib, ancaq rus ad-soyadlı vətəndaşların erməni əcdadı üzə çıxarmaq üçün sorğu-suala məruz qaldığı hallar da olub.
Novator.az-ın məlumatına görə, üstündən bir gün keçməsinə baxmayaraq rəsmi KİV Azərbaycan Xarici İşlər Nazirliyinin Moskvaya cavabını yaymayıb. Xarici İşlər Nazirliyinin saytında Moskvanın ittihamlarına hər hansı reaksiya yoxdur. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC xətti ilə də heç bir material yayılmayıb.
İyulun 5-də bəzi özəl media orqanı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin bu barədə açıqlamasına yer verib. Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycandan geri göndərilməsini belə izah edib: “Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk”.
XİN-in sözçüsü Rusiyanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması, vətəndaşların rahat səyahətinin təmin olunması və tərəflər arasında sivil münasibətlər qurulması üçün səy göstərməyə çağırıb.
Mövzu ilə əlaqədar Novator.az-a danışan politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə Moskvadan gələn bu tipli bəyanatlara təmkinli reaksiya verilməsinə tərəfdar olduğunu vurğulayıb.