Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan müxalif REAL Hərəkatının lideri İlqar Məmmədovun məktubu yayılıb. Azadliq.info-nun məlumatına görə, İlqar Məmmədov hökumətin və beynəlxalq təşkilatların onunla bağlı mümkün planlarından bəhs edir. O yazır ki, 2013-cü ildə həbs olunduqdan sonra Azərbaycan məmurlarının əsas avropalı həmkarları ondan azadlığa çıxmaq müqabilində ölkədən birdəfəlik köçüb getməyə razı olub-olmayacağını soruşublar və imtina cavabı alıblar.
İlqar Məmmədov qeyd edir ki, beşinci belə təklifi rədd etdikdən sonra beynəlxalq təşkilatın nümayəndəsindən xoşagəlməz bir əhvalat eşidib: “Deyilənə görə, Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı 15 iyun 2017-ci il qətnaməsindən öncə hökumət yönümlü parlament üzvləri səsverməni gecikdirməyə və ya adımın qətnamədən çıxarılmasına çalışıblar. Bu da Avropa dövlətləri ilə Azərbaycan hakimiyyətinin mənim ölkədən birdəfəlik çıxarılmağımla bağlı razılığa gəldiyindən şübhələnməyimə əsas verir.
Görünür, indi düzəlsə də, ictimaiyyətə mart ayında məlumat verdiyim kəskin bel ağrılarım hər iki tərəfə sağlamlıq bəhanəsini uydurmağa kömək edib. Hətta bundan sonrakı həyatımı davam edəcəyim ölkənin adı da məlum idi.
Xoşbəxtlikdən fırıldaq baş tutmadı və qətnamə qəbul olundu (Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?). Lakin xoşagəlməz hiss hələ də qalır. Əgər hansısa Avropa dövləti Avropa dəyərlərini və qanunlarını pozmaq bahasına belə olsa neft, qaz və geosiyasi maraqlarına görə mənim gələcəyimi təyin etməyə çalışırsa, bunu təcili dayandırmalıdır”.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.