Media güzgüsü və güzgüdə media
- 05 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in AktualTribunaYazarlar
İsmayıl VƏLİYEV
Medianın necə vacib bir təsisat olduğunu vurğulamaq üçün tez-tez “Mətbuat cəmiyyətin güzgüsüdür” deyirlər. Bənzətmə obrazlıdır, bəlkə hərfi mənada da həqiqətə uyğundur. Amma güzgü səthinin qabarıq, yaxud bir qədər batıq olması reallığı ya kiçildə, ya da şişirdə bilir. Digər tərəfdən, əyri-üyrü güzgülər sayağı gah nala, gah mıxa vuran mətbuat da az deyil.
Güzgünün kimin əlində olması, hansı obyektə yönəldilməsi, əks etmə keyfiyyəti də ciddi məsələlərdəndir…
Təbii ki, mövzumuz güzgü deyil, Azərbaycan mediasıdır.
Mediamızda hələ də vahid ideoloji-fəlsəfi konsepsiya tam düsturunu tapmayıb. Bəzi “media kapitanlarımız” bu sahənin bir növ istehsalat olduğunu düşünür. Onlar üçün “populyarlıq-tiraj-qazanc” üçlüyü az qala “Ata-Oğul-Müqəddəs ruh” üqnumuna çevrilib.
Digərləri “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” məntiqi ilə mediadan siyasi alət kimi istifadə etmək, dövlət binasının dayaqlarını qazımaq niyyətindədir. Avropa layihələrinə söykənən seminarlarda təlim almış jurnalist zümrəsi isə “tərəfsizlik” konsepsiyasını şüar edib. Onlar özlərini mifik Olimp dağı sakinləri qiyafəsində görür. Lakin “bitərəf media” heç vaxt mövcud olmayıb, yoxdur və olmayacaq.
Bir qrup “qələm əhli” də var ki, media sahəsini siyasi kapital və ya maddi təminat qazanmaq üçün seçir. Bəs necə: dünən salam verən yox idi, bu gün hamı “müəllim” deyir, məclislərdə masabəyi seçir, dövlət görüm-baxım edir, vəzifə təklifləri olur və s.
Daha bir media “məzhəbi”nin (əsasən regionlara aiddir) çörəyi yerli icra hakimlərini təbliğ etməkdən çıxır. Başqa məqsəd-məramlarla fəaliyyət göstərən media qrupları da var: məsələn, dini yönlü, şou-biznesə, idmana, mədəniyyətə aid dərgilər və s.
Əslində bu cəhətləri və formaları qarışıq şəkildə istifadə edənlər daha çoxdur. Özü də bu qarışıqlıq kortəbii, pərakəndə şəkildə istifadə olunur. Yəni ümumi bir zövq meyarı, etik-normativ tabular hələ oturuşmayib. Müqayisə üçün: Azərbaycanda demək olar bütün musiqi alətlərindən istifadə olunur, lakin hamı bilir ki, məsələn, sazla trombon bir yerdə əcaib səslənir. Ansambl təşkil olunanda janra uyğun alətlərdən istifadə edilir. Mediada isə janrlar hələ rüşeym halındadır, tam formalaşmayıb.
Bu səbəbdən çoxları Avropa, yaxud Rusiya mediasını təqlid etməyə çalışır. Ancaq hər iki nümunə bizim üçün yalnız qismən, bəzi elementlər çərçivəsində maraqlı ola bilər. Fundamental ideoloji istiqamət baxımından isə bizim üçün məqbul sayıla bilməz. Çünki Avropa media maşını milli dövlətçilik stereotiplərini məhv etməklə insanları qarışıq ortalama kütləyə çevirmək və qlobal idarə mərkəzi vasitəsilə bəşəriyyəti öz hakimiyyətinə tabe etmək məqsədi güdür.
Rusiya isə bu gün “velikorus” şovinizminə yoluxub. Onların ekspertləri, analitikləri təbii ki, müstəqil Azərbaycana simpatiya bəsləmir; bizə çox vaxt qısqanclıqla, rəqib kimi baxırlar. Buna görə onların yazılarının bizim mediada tirajlanması tam yanlış siyasətdir. Azərbaycanın öz milli media strategiyası olmalıdır (bu haqda müntəzəm verilişlər, müzakirələr aparılmalı, elmi araşdırmalar, məqalələr, kitablar çap olunmalıdır).
Şübhəsiz ki, biz bu məsələdə Həsən bəy Zərdabi məktəbini əsas götürməliyik. Bu məktəb özündə nələri ehtiva edir?
İlk növbədə milli varlığın qorunması prinsipini. Yəni mətbuat millətin pərən-pərən düşməsinə, atomlara parçalanaraq assimliyasiyaya uğramasına, imperiya mədəsində həzm olunub əriyib itməsinə qarşı bir zərdab kimi cəmiyyətə təqdim olunmuşdu. Millətin düşünən beyinlərinə fəaliyyət platforması, dəyərli fikirlərin cücərməsi-yetişməsi üçün zəmin yaratmışdı Həsən bəy. Bu intellektual proses milli özünüdərk şüurunun formalaşmasına imkan verdi. Məhz bu səbəbdən Azərbaycanda nə istədiyini bilən intellektual-siyasi elita ortaya çıxdı və imperiya dağılanda həmin elita müstəqil dövlət yarada bildi.
Həsən bəy məktəbinin digər vacib istiqaməti qabaqcıl dünya elmi-texnoloji nailiyyətlərinin təbliği idi. Bu xətt indi də olduqca aktualdır. Lakin heyf ki, ölkədə elmi-populyar jurnal və saytlar (xüsusən yeniyetmə və gənclər üçün) demək olar yoxdur. Bizim elmi laboratoriyalarda nələr araşdırılır, ixtiraçı alimlərimiz nə üzərində işləyir? Bütün bu mövzular əvəzinə xarici pop-ulduzların həyatı barədə lüzumsuz materiallar səhifələri doldurur.
Həsən bəy Zərdabi məktəbinin daha bir meyarı, əsas hədəfi – populizm və qazanc dalınca qaçmaq deyil, çətin də olsa həqiqi dəyərləri cəmiyyətə “peyvənd” etməkdir. O dövrdə (XIX əsrdə) müstəmləkə vəziyyətində olan xalqın qəzetini buraxmaq, buna razılıq almaq hədsiz dərəcədə çətin bir iş olub! Həsən bəy qazanc götürmək fikrini ağlına da gətirməyib, əksinə, şəxsi vəsaitlərini təmənnasız xərcləməklə millətinin maariflənməsi amalına xidmət edib.
Ümumiyyətlə, həqiqi fundamental elm, təhsil, incəsənət (akademik teatr, opera-balet, simfonik orkestrlər və s.) apriori gəlirli sahə ola bilməz. Bu sıraya media da daxildir. Dövlət mediaya maliyyə dəstəyi göstərməlidir. Məsələn, İsveçdə dövlət qəzetlərə bu şəkildə yardım edir: şəhərdə 2-3 qəzet buraxılırsa, dövlət nisbətən ZƏİF olana maliyyə dəstəyi ayırır. Məqsəd – mediada fikir müxtəlifliyini qorumaq, informasiya sahəsində monopoliyanın qarşısını almaqdır.
Hakimiyyət başa düşür ki, media hava proqnozu verən təsisata bənzəyir, lakin o, cəmiyyətdəki ab-havanı öyrənir və ictimaiyyətə çatdırır. Bu baxımdan qulaqlara xoş gəlsin deyə, tufanın qopacağını gizlədib “hər şey əladır” deyən hava proqnozu mərkəzi kimə gərəkdir? Düzdür, bizim ölkəmizdə də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mövcuddur, lakin cəmiyyətimizin xüsusiyyətlərini nəzərə alaraq düşünürük ki, onun nizamnaməsi bir daha nəzərdən keçirilməli, maliyyə təminatı mexanizmləri isə dəyişməlidir.
Silahlı Qüvvələrə Yardım Fondu kimi mediaya dəstək fondu da hamı üçün açıq olmalı, onun bank hesabına dövlətlə yanaşı vətəndaşlar, o cümlədən xaricdə yaşayan təəssübkeş soydaşlarımız vəsait köçürə bilməlidir. Yerli biznes strukturları da, imkan dairəsində, fonda ianə edə bilər (Necə ki, son zamanlar məcburi köçkünlərin mənzillə təminatında iş adamlarının iştirakı təşviq olunur. Yeri gəlmişkən, bu, çox qürurverici hadisədir. Lap 1 manat da verən milli-mənəvi ləyaqətimizə töhfə vermiş olur! ). Ən başlıcası isə fonda daxil olan bütün vəsaitlər və onun xərclənmə istiqamətləri tam şəffaf olmalıdır. Buna bu gün bütün texniki imkanlar var.
Medianın daha bir qayğısı jurnalistlərin hüquqlarının müdafiəsi problemidir. Bu barədə bir neçə yerdə təklif olunub ki, media üzrə ayrıca ombudsman təyin edilsin. Hazırda redaksiyaların əksəriyyətində patriarxal-feodal münasibətlər hökm sürür. Redaksiyalar şəxsi simsarlıq əsasında formalaşır: bizim adamdır, ya yox. Kənar şəxslərin redaksiya qəsrinə buraxılması qəliz məsələdir. Ən gözəl material təqdim edilsə belə, simsarlıq olmasa işıq üzünə həsrət qala bilər.
Jurnalistika aləmi bir növ qapalı sahədir; hansısa məsələni adi məhkəməyə çıxarmaq peşə etikası stereotipləri ilə uzlaşmır. Media ombudsmanı çərçivəsində isə, yəni korporasiya daxilində mübahisəli problemlər hüquqi müstəvidə həll oluna bilər. Qeyd edək ki, bu, hakimiyyətin də işini asanlaşdırar: media ilə bağlı, xüsusən xaricdən gələn həmlələrə çevik və hüquqi cəhətdən tutarlı cavab vermək olar.
Azərbaycan mediası bu gün, şübhəsiz, müəyyən dərəcədə inkişaf edib. Lakin həyat durmadan irəli gedir və media da tərəqqidən geridə qala bilməz. Əlbəttə, bütün problemləri və onların aradan qaldırılması ilə bağlı fikir və təklifləri bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Sadəcə, 22 İyul Azərbaycan Jurnalistikası Günü ərəfəsində bir daha keçdiyimiz yola boylanmaq, perspektivə nəzər salmaq və tərəqqiyə mane olan problemləri ayırd etmək istədik.
P.S. Müəllif mövzu ilə bağlı yarana biləcək suallara cavab verməyə hazırdır.