İyulun 1-dən Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə başlanıb. Vergilər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə bununla bağlı müsahibəsində deyir: “Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatları toplaması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standartı 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) hazırlayıb.
Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və İƏİT-in “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli konvensiyası əsasında aparılır. Azərbaycan bu konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.
Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlətin digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatları ümumiləşdirərək digər dövlətə göndərməsini nəzərdə tutur. Yeni standarta əsasən, konvensiyaya üzv olan dövlətlərin səlahiyyətli orqanları “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında çoxtərəfli razılaşma”nı imzalamaqla mübadiləni orada qeyd olunmuş vahid formatda aparmaq barədə razılıq əldə edirlər. Razılaşma 2014-cü ildə Berlində imzalanmaya açıq elan olunub və indiyədək 101 dövlətin səlahiyyətli orqanı həmin sənədə qoşulub.
CRS-ə müvafiq olaraq illik avtomatik əsaslarda maliyyə institutlarında olan hesablar üzrə müvafiq məlumatlar, o cümlədən təqvim ilinin sonuna hesabın qalığı, il ərzində əldə edilmiş gəlirlərin ümumi məbləği və CRS ilə müəyyən olunan digər zəruri məlumatlar mübadilə ediləcək.
Nazirlər Kabinetinin 3 iyun 2015-ci il qərarı ilə xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri və qaydaları artıq təsdiq edilib. Həmin sənəddə elektron hesabatda əks olunmalı məlumatlar, e-hesabatın Vergilər Nazirliyinə təqdim edilməsi forması və müddəti, e-hesabatın dəyişdirilməsi və digər məsələlər öz əksini tapıb”.
Zaur Fətizadə qeyd edir ki, qanunvericiliyin müddəalarına əsasən, bank fəaliyyəti, həyatın yığım sığortası və annuitet sığortası fəaliyyəti, depozitar fəaliyyəti, qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti və investorların portfellərinin idarə edilməsi fəaliyyəti kimi fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi maliyyə institutu hesab olunur: “Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olan maliyyə institutları müvafiq qaydada hesabat verməlidirlər. Maliyyə institutlarının əsas vəzifəsi beynəlxalq müqavilələrin tələblərindən irəli gələrək CRS üzrə hesabat verilməli hesabları müəyyənləşdirmək, bu sahədə hərtərəfli yoxlama prosedurları tətbiq etmək və bu hesablar barədə məlumatları Vergilər Nazirliyinə ötürməkdir”.
Departament rəhbəri deyir ki, 1 iyul 2017-ci ilə qədər maliyyə institutlarında mövcud olan hesablar “əvvəlcədən mövcud olan hesablar” sayılır: “Standartın tətbiqinə başlanan tarixdən “əvvəlcədən mövcud olan hesablar”ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcəklər. 1 iyul 2017-ci ildə və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə “yeni hesab” sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq. Anket hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq. CRS-ə uyğun olaraq Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsinin 2018-ci ilin sentyabr ayında başlanması nəzərdə tutulub.
CRS-in tətbiqi ilə vergi ödəyicilərinin, həmçinin digər vətəndaşların büdcədən yayındırdığı vergi məbləğlərinin qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi vasitəsilə büdcəyə ödənilməsinin təmin edilməsi mümkün olacaq. Vergidən yayınmaya meylli bəzi şəxslər dövriyyələrin gizlədilməsi, verginin tam həcmdə hesablanmaması məqsədilə ölkənin hüdudlarından kənarda yerləşən banklarda bank hesabları açır, əməliyyatlarını həmin hesablar vasitəsilə aparır və yaxud müxtəlif sxemlərdən istifadə etməklə dövlət büdcəsinə çatacaq vergiləri ödəməkdən yayınırlar. Bank hesabları barədə ölkələrarası məlumatların mübadiləsini nəzərdə tutan bu sistemin tətbiqi belə şəxslərin və onların ölkədən kənarda olan bank hesablarının müəyyən edilməsinə imkan verəcək. Bunun nəticəsində vergi orqanı Azərbaycan vətəndaşlarının ölkədən kənarda olan bank hesablarının qalıqları və digər gəlirləri barədə geniş məlumata malik olacaq, bu da vergidən yayınma hallarının qarşısının alınmasına, həmin şəxslərin real gəlirlərinin müəyyən olunmasına kömək edəcək”.