Bakı Şəhər Statistika İdarəsi yeni hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2017-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 8,4 faiz artaraq 776,1 manata çatıb. Statistikaya əsasən, şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 823,5 manat, rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı isə 1069,7 manat olub.
Statistika İdarəsi bildirir ki, 2017-ci ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz azalıb, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 2,1 faiz artıb. Pərakəndə ticarət dövriyyəsinin həcmində isə 2,5 faiz artım qeydə alınıb.
2017-ci ilin 5 ayında paytaxtın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 5 milyard 298,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az vəsait yönəldilib.
2017-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,3 faiz azalıb.
5 ayda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar-may aylarına nisbətən eyni səviyyədə qalıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,1 faiz, xidmətlər üzrə qiymətlər 1,3 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri dəyişməyib.