Vəkil Yalçın İmanov Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədova qarşı yeni təzyiqlərin olduğunu bildirib və onun həyatı, sağlamlığı sarıdan narahatlığını ifadə edib.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü ildə Qaradağ Rayon Məhkəməsi Mövsüm Səmədovun saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi barədə qərar çıxarıb. Mövsüm Səmədov Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı il noyabrın 28-də qaytarılıb.
2017-ci ilin iyun ayının 14-də Qaradağ Rayon Məhkəməsi Mövsüm Səmədovun yenidən, bu dəfə 3 il müddətinə həbsxana rejiminə keçirilməsi haqda qərar qəbul edib. Bu qərar da 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında verilib.
Vəkil Yalçın İmanov “Turan”a açıqlamasında bildirib ki, həbsxana rejiminə köçürülmə qərarından sonra da cəzaçəkmə müəssisəsində Mövsüm Səmədova qarşı cərimə, intizam cəzası tədbirləri davam etdirilir.
Yalçın İmanov qeyd edib ki, iyulun 1-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Mövsüm Səmədovla görüşüb. Görüş zamanı vəkilə bəlli olub ki, Mövsüm Səmədov yenə 10 günlüyə karserə salınıbmış. O, karserdən iyunun 30-da çıxıb.
Karserə salınmanın səbəbindən danışarkən vəkil deyib ki, Mövsüm Səmədov və digər məhbuslar bir nəfərin karserdə əl-ayağı bağlı vəziyyətdə saxlandığını öyrəniblər: “Onlar nəzarətçilərdən məhbusun əl-ayağının açılmasını xahiş ediblər. Amma cəzaçəkmə müəssisəsinin rəhbərliyi Mövsüm Səmədovun əməllərində daxili intizam qaydalarının pozuntusu olduğu qərarına gəlib və nəticədə o, 10 günlüyə karserə salınıb. Karserdən çıxdığı günün ertəsi isə onun barəsində kamerada yoxlama zamanı üzərindən ip çıxığı haqda akt tərtib edilib. Əslində bu, kiçik ölçülü “Quran” kitabını yuxarıdan asmaq üçün istifadə olunan incə bir ipdir. Akt tərtib edilsə də, hələlik hansı cəzanın veriləcəyi məlum deyil”.
Yalçın İmanovun fikrincə, bütün bunlar Mövsüm Səmədova qarşı yeni plan və təhlükələrdən xəbər verir.
Penitensiar Xidmət vəkilin dediklərinə hələ ki, münaibət bildirməyib.