İyunun 30-da Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Qeyd olunur ki, son günlər qanunsuz miqrasiyaya qarşı tədbirlər zamanı 44 nəfər Pakistan, 3 nəfər Banqladeş və 1 nəfər Filippin vətəndaşı saxlanıb: “Araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılan və Azərbaycana gəlmək hüququ məhdudlaşdırılan Pakistan vətəndaşı Sana Ur Rahman və onunla əlbir olan, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakı şəhərində məskunlaşmış Pakistan vətəndaşı Zıkar Ullahın 43 nəfər Pakistan vətəndaşını işə düzəltmə adı ilə aldadaraq Azərbaycana gətirmələri məlum olub.
Saxlanan şəxslərin dediyinə görə, Sana Ur Rahman 2-3 min ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində onlara Azərbaycana elektron viza və Bakıya təyyarə bileti təşkil edib. Azərbaycanda onları qarşılayan Zıkar Ullah isə müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib. Guya onlara Azərbaycanda müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmyerlilərini işlə təmin edəcəyinə söz verib.
Təxminən 2-3 ay ərzində 43 Pakistan vətəndaşını aldadaraq elektron turist vizası ilə Azərbaycana göndərən Sana Ur Rahman və onları qarşılayaraq aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması üçün sənədlərini rəsmiləşdirəcəyinə, onları işə düzəldəcəyinə söz verən Zıkar Ullah saxta sənədlər hazırlamaqdan belə çəkinməyiblər.
Zıkar Ullah aldatdıqları şəxslərin inamını qazanmaq üçün bəzilərinə guya sənədlərinin müvafiq orqanlara təqdim olunduğunu bildirən saxta qəbz nümunələri verib, bəzilərinin tibbi müayinəsini təşkil edib.
Dövlət Miqrasiya Xidmətinin saxladığı şəxslər ayrı-ayrı vaxtlarda 3-4 nəfərlik qrup şəkilində Bakıya gəldiklərini və onlara qaldıqları mənzildən heç bir yerə çıxmağa icazə verilmədiyini etiraf ediblər. Saxlanan şəxslər ölkələrində Azərbaycana işləmək adı ilə göndərilmələri müqabilində hər birinin verdiyi 2-3 min dollardan əlavə Bakıda da onları qarşılayıb müxtəlif ünvanlarda yerləşdirən Zıkar Ullahın 43 nəfər həmyerlisinin hər birindən müxtəlif məbləğlərdə pul vəsaiti aldığını deyiblər.
Zikir Ullah qarşıladığı 43 nəfərin 37-dən əldə etdiyi ümumilikdə 21 min dollar vəsaitin 14 minini Sana Ur Rahmana göndərdiyini, bir hissəsi ilə Pakistanda olan borcunu ödədiyini, qalanını isə ehtiyaclarına xərclədiyini deyir”.
Bildirilir ki, keçirilmiş tədbir zamanı uzun müddət Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Filippin vətəndaşı Cemma Jimense də saxlanıb: “O, sonuncu dəfə Azərbaycana 2011-ci ildə gəldiyini bildirib. Müxtəlif vaxtlarda iş icazəsi ilə fəaliyyət göstərdiyini və qanuni əsaslarla yaşadığını deyən Cemma Jimense 2016-cı ilin yayından bəri “Sapfir” otelində qanunsuz əmək fəaliyyəti ilə məşğul olub”.
Dövlət Miqrasiya Xidməti tədbirlər zamanı 9 nəfər Özbəkistan və 1 nəfər Türkiyə vətəndaşını da saxlayıb: “Azərbaycan vətəndaşı Məzlum Səfərovun 9 nəfər Özbəkistan vətəndaşını günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb etdiyi məlum olub. Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib”.
O da bildirilir ki, uzun müddət Azərbaycan ərazisində qanunsuz yaşayan Türkiyə Respublikasının vətəndaşı Hasan Tekbıçak saxlanıb. Hasan Tekbıçakın İnterpolun axtarışında olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub və o, daxili işlər orqanlarına təhvil verilib.