Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasına sədr və sədr müavini seçkisi olub.
Müşahidə Şurasının yeni üzvlərini prezident İlham Əliyev 5 iyun sərəncamı ilə təyin edib. Şuraya dövlət orqanlarından Cəmaləddin Quliyev (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri), Rasim Həsənov (Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri), İntiqam Hümbətov (Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri) daxil olublar.
Kütləvi informasiya vasitələrini şurada bu şəxslər təmsil edir: Həsən Həsənov (“Xalq qəzeti”nin baş redaktoru), İlqar Hüseynov (“Trend” İnformasiya Agentliyinin baş direktoru), Bəhruz Quliyev (“Səs” qəzetinin baş redaktoru).
Jurnalist təşkilatlarından şuraya Ramiz Əskərov (Azərbaycan Jurnalistlər Birliyinin baş katibi), Ayaz Mirzəyev (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri), Əvəz Rüstəmov (“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri) təyinat alıblar.
Novator.az bildirir ki, şura üzvlərinin səlahiyyət müddəti dörd ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq şuranın üzvü ola bilməz.
Prezident İlham Əliyev 13 iyun sərəncamı ilə isə Vüqar Səfərli yenidən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin olunub. 2009-cu il aprelin 3-də yaradılmış fondun icraçı direktorunun səlahiyyət müddəti dörd ildir. Vüqar Səfərli ilk dəfə 2009-cu il mayın 22-də, ikinci dəfə 2013-cü il iyunun 3-də icraçı direktor təyin alıb.
İyunun 29-da Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov iştirak edib.
Əli Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul edildiyini bildirən Əli Həsənov ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Prezidentin köməkçisi fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlığının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Əli Həsənov iyulun 22-də qeyd olunacaq Azərbaycan Jurnalistikası Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
İclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçiliblər.