Ədliyyə Nazirliyi iyunun 29-da nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasından rəsmi məlumat yayıb. İclasda bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması üzrə məqsədyönlü tədbirlər görülür, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir.
Kollegiya iclasında ədalət mühakiməsi sistemində islahatların davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, hakimliyə namizədlərin seçimi aparılaraq tədrisi həyata keçirilir, hakimlərin fəaliyyəti qiymətləndirilir, məhkəmələrdə iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir, mövcud mexanizmlər və qanunvericilik təkmilləşdirilir, vətəndaşlara elektron xidmətlərin göstərilməsi üzrə davamlı tədbirlər görülür.
İclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə bu il görülmüş işlər müzakirə olunub, açıq hökumətin təşviqi, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, informasiya-kommunikasiya texnologiyaları sahəsində, məhkumların hüquqlarının təmin olunması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülmüş tədbirlər qeyd olunub.
Eyni zamanda növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il sərəncamının icrası üzrə tədbirlərin davam etdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, hüquqi aktların layihələrinin ekspertizasının təkmilləşdirilməsi, ədliyyə orqanlarında şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, elektron sənəd dövriyyəsinin tam təmin olunması, Ədliyyə Akademiyasının elmi fəaliyyətinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi və digər konkret tədbirlər müəyyən edilib.
İclasda məhkəmə ekspertizası fəaliyyətinə dair hesabat dinlənilib. Qeyd olunub ki, Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, yeni növ ekspertizaların aparılmasına və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda məhkəmə-istintaq orqanlarına köməklik və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.
Statistikaya görə, ötən il ərzində Məhkəmə Ekspertizası Mərkəzinə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər. Həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına 110-dək metodik məsləhət, habelə cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün 900-dən çox profilaktik tövsiyə verilib, 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb və 7 metodik vəsait hazırlanıb.
Kollegiyada ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.