Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri iyunun 28-də başa çatıb. Həmin gün dövlət başçısı Varşavada baş nazir Beata Şidlo ilə görüşüb. AZƏRTAC xəbər verir ki, baş nazir İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğulayıb.
Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkənin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Baş nazir səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını deyib.
İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını deyib. Prezident beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini deyib və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivləri olduğunu vurğulayıb.
İyunun 27-də isə Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib. Forumdakı çıxışında İlham Əliyev deyib ki, ticarət dövriyyəsinin cari səviyyəsi hökumətləri qane etmir: “İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var”.
Ölkənin iqtisadi durumuna toxunan dövlət başçısı deyib: “2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artıb. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.
Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik”.
Biznes forumunda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 150-dən çox, o cümlədən Azərbaycandan 60-dan artıq iş adamı iştirak edib, müxtəlif biznes qurumları və şirkətlər arasında ümumilikdə beş müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.