Polşaya rəsmi səfər edən prezident İlham Əliyev iyunun 27-si paytaxt Varşavada rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, Polşanın dövlət və hökumət nümayəndələri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Polşa prezidenti Anjey Dudaya təqdim olunub. İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevin Anjey Duda ilə təkbətək görüşü keçirilib. Görüşdə prezidentlər qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.
Dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra İlham Əliyev və Anjey Duda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” imzalayıblar.
İmzalanan digər sənədlər bunlardır:
– “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokol”;
– “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”;
– “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
– “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu”;
– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.