“Xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq”
- 23 İyun 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
“Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq”. Prezident İlham Əliyev belə deyib.
İyunun 23-də dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışına qatılıb. Sonra “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub. Bu müəssisə ilə tanışlığın ardınca İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb, nitq söyləyib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışı əlamətdar hadisədir: “Bildiyiniz kimi, Müdafiə Sənayesi Nazirliyi mənim sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılıb və bu illər ərzində böyük, uğurlu yol keçib. O vaxt bu nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.
Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilib.
Hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır. İlk növbədə vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılıb və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Biz nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranıb. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur”.
Dövlət başçısı deyib ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır: “Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular bizim hərbi gücümüzü böyük dərəcədə artırıb.
Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək.
Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək üç rayonun bir hissəsini işğalçılardan azad ediblər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır.
Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıb ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın.
Aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur. Bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir.
Dağlıq Qarabağı dünya ictimaiyyəti də Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul ediblər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır.
Bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır.
Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır”.