Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib.
Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var.
Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub.
Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.
Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Burada ideoloji və məişət otaqları, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib.
Dövlət başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub.
Əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olan prezidentə bildirilib ki, burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Yeməkxananın çörək, balıq, ət, tərəvəz, quru ərzaqlar və sinif otaqları da var.
Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb. Məntəqədə palatalar, aptek, yeməkxana, sarğı və digər zəruri otaqlar var. Burada hərbi qulluqçulara fizioterapiya, stomatoloji və başqa tibbi xidmətlər göstəriləcək.
İlham Əliyev həmin gün Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışına da qatılıb. Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına deyib ki, zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlərlə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
Zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Zavodda 170 yeni iş yeri yaradılıb.
Sonra “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
Müəssisə ilə tanışlığın ardınca İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb, nitq söyləyib.